23 fevral 2023-cü il
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 23 fevral 2023-cü il tarixində yaxın keçmişimizin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Köksü dağlı Xocalı” adlı anım günü keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olundu. Ardınca şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Açılışda muzey əməkdaşı tədbir iştirakçılarını salamlayaraq, əsrin terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışdı.
Daha sonra Xocalı faciəsinin canlı şahidləri erməni terrorizminin dəhşətlərindən, faciə sonrası yaşadığı, yaddaşlarında həkk olunmuş dəhşətli anları bölüşdülər.
Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış Xocalı hadisələrini əks etdirən videoçarx nümayiş olundu.
Anım gününün bədii hissəsi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri-Respublika və Beynəlxalq müsabiqələr laureatları Həmidə Adilova, Camalə Abdinzadə, Rəvan Mustafazadə, Nigar Hüseynzadə, İlahə Məmmədova, Amaliya Ağayeva, Nailə Xasıyevanın ifasında şəhidlərin xatirəsinə ithaf olunmuş kompozisiya ilə davam etdi.
Bədii hissədə Qara Qarayevin “Don Kixot” simfonik qravürlərindən “Səyahət”, Cahangir Cahangirovun "Ana", Nazim Əliverdibəyovun "Elegiya", Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyası əsərləri səsləndirildi.
Tədbirdə H.Əliyev adına hərbi institutun tələbələri, muzey əməkdaşları və media nümayəndələri də iştirak edirdi.
Sonda qonaqlarla birgə xatirə şəkli çəkdirildi.