28 dekabr 2022-ci il
28 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Akademiyanın "Fortepiano, Orqan və Klavesin" kafedrasının fəaliyyətinin 70 illiyinə həsr olunmuş təntənəli konsert keçirildi.
Qeyd edək ki, konsertin bədii rəhbəri "Fortepiano, Orqan və Klavesin" kafedrasının müdiri, professor Afaq Rüstəmovadır.
Tədbirdə Xalq artisti, professor Xuraman Qasımova və musiqişünas, BMA-nın dosenti Xatirə Həsənzadə ön sözlə çıxış edərək, kafedranın 70 illiyi ilə əlaqədar bütün kollektivi təbrik edib, uğurlar arzu etdilər.
Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor - müəllim heyəti, Azərbaycanın Xalq artistləri Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova və Əməkdar incəsənət xadimi Kəmalə Neymanova, Könül Hüseynova, Əməkdar müəllim Adilə Mailova, dosentlər Dilşad Əliyeva, Tofiyə Cavadova, Aynur Xəlilova, İdris Zeynalov, Əməkdar artist, baş müəllim Nigar Məlikova, baş müəllim Lalə Atakişiyeva, müəllim Gülnar Mirqasım, tədbirin qonaq ifaçıları-Azərbaycan Televiziya və radiosunun Rəşid Behbudov adına Dövlət mahnı teatrının, Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin solisti, Əməkdar artist Aynur İsgəndərli, Azərbaycan Dövlət Akademik Opera və balet teatrının solisti Atəş Qarayev, Televiziya Muğam müsabiqəsinin qalibi Babək Şuşalı, eyni zamanda BMA-nın tələbələri Gülbacı Muradova, Erol Rzayev, Leyla Baxışova, BMA-nın Tələbə Kamera orkestrinin bəddi rəhbəri və dirijoru Üzeyir Məmmədov əsrarəngiz çıxışlarını dinləyicilərə təqdim etdilər.
Rəngarəng konsert proqramında Georq Fridrix Hendelin, Lüdviq Van Bethovenin, Sezar Sandersonun, Ejen Jiqunun, Fərhad Bədəlbəylinin, Ülviyyə Hacıbəyovanın, Fikrət Əmirov, Elmira Nəzirova, İdris Zeynalovun əsərləri səsləndirildi.
İlk dəfə səsləndirilən konsert proqramının son nömrəsi-musiqisi Könül Hüseynovaya, sözləri Vahid Əzizə məxsus olan Orqan (Gülnar Mirqasım), fortepiano (Könül Hüseynova), simfonik orkestr (bədii rəhbər və dirijor Üzeyir Məmmədov), vokal (Atəş Qarayev) və xanəndə (Babək Şuşalı) üçün yazılmış "Qoruyaq dünyamızı" adlı əsəri bütün tədbir iştirakçıları tərəfindən böyük coşqu ilə qarşılandı.
Bayram ab-havalı konsert gecəsi tamaşaçıların böyük rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.