27 dekabr 2022-ci il
Şərq ölkələrinin mədəniyyətində, incəsənətində adını ilklər sırasına yazdırmağa müvəffəq olmuş azərbaycanlı qadınların sırasında Nəzmiyyə Abbaszadənin məxsusi yeri vardır.
Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə məhz ilk azərbaycanlı qadın violonçel ifaçısıdır.
Onun musiqi mədəniyyətimizdəki xidmətləri təkcə ifaçılıqla bitmir. Nəzmiyyə xanım həm də gözəl pedaqoqdur. Pedaqoji fəaliyyəti dövründə onun neçə-neçə tələbələri respublika və beynəxlaq müsabiqələrdə uğurla çıxış etmiş, musiqimizi xarici ölkələrdə layiqincə təmsil etmişlər.
Belə tələbələrdən biri, Professorun violonçel sinfinin yetirməsi Ərol Rzayevin 27 oktyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında solo konserti keçirildi.
Rəngarəng konsert proqramında Respublika və Beynəlxalq müsabiqələr laureatı Rüstəm Zeylanovun müşayiətilə Robert Şumanın "Fantaziya" op.73, Nikkola Paqanininin "Rossini mövzusunda variasiya", Qabriel Faurenin "Apres un reve", Antonin Dvorjakın Violonçel konserti b moll, op.104 (l hissə) əsərləri dinləyicilərə təqdim olundu.
İstedadlı gənc ifaçının əsrarəngiz ifası tamaşaçıların zövqünü oxşayaraq, böyük coşqu ilə qarşılandı.