• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 dekabr 2022-ci il

     26 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Dünya şöhrətli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin 75 illik yubileyi təntənəli şəkildə qeyd olundu.

     İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbriki tədbir zamanı elan olundu. Cənab Prezident tərəfindən Fərhad Bədəlbəylinin Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinin  “Şərəf” ordeni ilə təltif olunması xəbəri musiqisevərlər tərəfindən böyük sevinclə qarşılandı.

    Ardınca cənab rektoru BMA-nın Nəfəs və zərb alətləri kafedrasının tələbə orkestri (bədii rəhbər Əməkdar İncəsənət xadimi Rüfət Axundzadə) təbrik etdi.

    Sonra Böyük zalda Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin (bədii rəhbər Azərbaycan və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova) ifasında  İohan Sebastian Baxın "Brandenburq" konserti ilə  yubiley tədbiri açıq elan olundu.

    Öncə BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Xalq artisti, professor Yeganə Axundova, Tədris işləri üzrə prorektoru Əməkdar müəllim,  pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, Elmi işlər üzrə prorektor, Əməkdar İncəsənət Xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, BMA-nın Təsərrüfat işləri üzrə prorektoru Tahir Fərəcov, Azərbaycan SSR Dövlət mükafatçısı, Xalq artisti, "Şöhrət" və "Şərəf", "İstiqlal" ordenləri laureatı Xuraman Qasımova, həmçinin tədbirin qonaqları Azərbaycan rəqs sənətinin korifeyi, Xalq artisti Roza Cəlilova  və Azərbaycan Milli Konservatoriyası nəzdində  musiqi kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Bülbül adına orta ixtisas musiqi məktəbinin direktor müavini Rəna Vəzirova da öz növbəsində ürək sözləri ilə çıxış edərək, F.Bədəlbəylinin doğum gününü təbrik etdilər.

     Sonra səhnəyə dəvət olunan  Xalq artistləri Fərhad Bədəlbəyli və Azərbaycan Dövlət Akademik Filarmoniyasının müdiri Murad Adıgözəlzadənin  möhtəşəm dueti dinləyicilərin zövqünü oxşadı.

    Rəngarəng konsert gecəsində Xalq artisti Mənsum İbrahimov (müşayiət edirlər: Xalq artisti Elçin Haşımov, Əməkdar artistlər Elnur Əhmədov, Kamran Kərimov),  F.Bədəlbəylinin piano sinfinin yetirmələri - Əməkdar artistlər Emil Əfrasiyab, İsfar Sarabski, BMA-nın "Tarix- Nəzəriyyə" fakültəsinin professor-müəllim kollektivinin ifasında xor nömrəsi, BMA-nın məzunları, istedadlı gənc pianoçular Vurğun Vəkilov, Atabala Manafzadə, Rüstəm Zeynalov parlaq ifaları ilə çıxış etdilər.

      Ənənəyə sadiq qalaraq, konsertin son musiqi nömrəsi  akkordeon ifaçısı Seymur Məmmədovun müşayiətilə Bakı Xoreoqrafiya Akademiyasının Rəqs kollektivinin ifasında  "Uzundərə" xalq rəqsi səsləndirildi.

    Konsertin final nöqtəsi şamlarla bəzədilmiş  tortun “Ad günün mübarək!" təbrik mahnısının fonunda səhnəyə gətirilməsi oldu.

    Sonda Fərhad Bədəlbəyli təbriklərə, xoş arzulara görə hər kəsə dərin minnətdarlığını və təşəkkürünü bildirdi.

    Bayram ab-havalı yubiley konserti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.