13 dekabr 2022-ci il
13 dekabr 2022-ci il tarixində Bakıdakı Rus Evində Teymur Atayevin “Dmitri Şostakoviçin son bəstələri” kitabının təqdimatı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konserti keçirildi.
Gecənin əvvəlində Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov kitabın müəllifi, Azərbaycan tarixçisi, politoloqu, publisist, geosiyasət, din, ədəbiyyat və incəsənət ilə bağlı araşdırmalarla məşğul olan Teymur Atayevi təqdim edərək salamlama nitqi ilə çıxış etdi. Kitabın təqdimatı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakinanın hazırladığı konsert proqramı ilə iç-içə oldu. Tədbirdə A.İnyakina D.Şostakoviç şəxsiyyətinin Azərbaycan musiqisi ilə sıx bağlılığından söz açdı.
Musiqili gecənin proqramına Dmitri Şostakoviçin, eləcə də onun sinfinin məzunları, görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Elmira Nəzirovanın əsərləri daxil edilmişdir.
Konsertdə Alyona İnyakina, Azərbaycanın Əməkdar artisti Anton Ferştandt, BMA-nın baş müəllimi, beynəlxalq müsabiqələr laureatı Lalə Muxtarova, BMA-nın müəllimi Nərgiz Kəngərli, BMA-nın konsertmeysteri Dilarə Kərimova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Dövlət Xor Kapellasının artisti Kamilla İmanova, Azərbaycan Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, həmçinin BMA-nın tələbələri Nəriman Məsimov, Erol Rzayev, Zərrin Əliyeva, Osman Mustafazadə, Humay Hacızadə çıxış etdilər.
Konsertdə Rusiyanın Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri də qonaq qismində iştirak etmişdilər.