13 dekabr 2022-ci il
13 dekabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında möhtəşəm fortepiano dueti gecəsi keçirildi.
Gecədə BMA-nın "Metodika və xüsusi pedaqoji hazırlıq" kafedrasının müəllimləri - Əməkdar müəllim, professor Leyla Məmmədəliyeva və Əməkdar artist, baş müəllim Nigar Məlikovanın duetindən ibarət konsert dinləyicilərə xoş ovqat bəxş etdi. Musiqi aləminin tanınmış siması olan Leyla xanım və Nigar xanımın ifasında səslənən hər bir əsər heç kəsi biganə qoymayaraq, qonaqların ruhunu oxşamağa müvəffəq oldu.
Xüsusi incəliklə seçilmiş tədbir proqramı da ifaçıların yüksək zövqə malik olmalarından xəbər verir.
Belə ki, konsertdə dəyərli musiqiçilərin ifasında İohan Sebastian Baxın "Zarafat" Orkestr suitası h moll, Volfqanq Amadey Motsartın Sonata N.16 C dur K545, İohan Bramsın "Macar rəqsi" N.1, 2, 5, 6, Antonin Dvorjakın "Slavyan rəqsi" N.2, op.72, Karlos Quastavinonun "Tres Romances Argentinos" N.1 əsərləri səsləndirildi.
Təntənəli konsert gecəsi musiqinin sehrli aləminə qərq olmuş dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanaraq, gurultulu alqışlarla başa çatdı.