13 dekabr 2022-ci il
Dəyərli bəstəkarımızın yubileyinə məktəb-studiya şagirdlərinin ərməğanı
Bildiyimiz kimi, bu il Azərbaycanın görkəmli bəstəkarı, ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti və Dövlət mükafatları laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 illik yubileyidir.
Milli bəstəkarlıq məktəbimizin böyük nümayəndəsi, əsərləri dünyanı gəzən və böyük rəğbətlə qarşılanan Əmirovun yubileyi bu il Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq təntənəli şəkildə qeyd olunur. Əlamətdar il ilə bağlı tədbirlər nəinki ölkəmizdə, eyni zamanda onun hüdudlarından kənarda həyata keçirilir. Bu isə öz növbəsində bəstəkarın əziz xatirəsinə və yaradıcı irsinə ehtiramın təcəssümüdür.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası 13 dekabr 2022-ci il tarixində Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirmişdir. Konsertdə məktəb-studiyanın şagirdləri, habelə məzunları iştirak etmişlər.
Tədbirin əvvəlində musiqişünas, məktəb-studiyanın böyük elmi işçisi və müəllimi Şəfəq Hacıyeva ön sözlə çıxış edərək dəyərli bəstəkar Fikrət Əmirovun yaradıcılığı və onun musiqi mədəniyyətimizdəki əhəmiyyətli rolundan söz açmışdır. Əmirovun yaradıcı irsinə və zəngin aləminə qısa ekskursdan sonra musiqişünas Ş.Hacıyeva sözü məktəb-studiyanın respublika və beynəlxalq müsabiqələr laureatları şagird və məzunlarına vermişdir. Konsertdə bəstəkarın fortepiano üçün “12 miniatür” silsiləsindən “Barkarola”, “Marş”, “Aşıqsayağı”, variasiyalar, I və II ekspromtlar, habelə fortepiano və violin üçün Ballada, “Xatirə” kimi əsərlər məktəb-studiyanın şagirdləri Cəmilə Sadıxova, Rauf Bağırzadə, Səid Güləliyev, Şəhla Yusibova, Solmaz Əliyeva, Hüseyn Quliyev tərəfindən səsləndirilmişdir.
Konsertdə çıxış edən şagirdlər məktəb-studiyanın çoxillik təcrübəyə malik aparıcı pedaqoqlarının yetirməlidir. Belə ki, tədbirdə Əməkdar müəllimlər, məktəb-studiyanın piano ixtisası pedaqoqları Nərgiz Mansurova, Ayişə Əliyeva və Dilarə Salayeva, violin ixtisası üzrə Naira Qulamova, vokal üzrə Ofeliya Axundova, habelə, Beynəlxalq müsabiqələr laureatları Nuranə Zeynalova, Nəzrin Əmirli, Fəqan Həsənli və zərb alətləri üzrə Firuz Hüseynov kimi müəllimlərin şagirdləri dinləyiciləri Fikrət Əmirov dühasının sehri ilə tanış etmişlər.
Qeyd etmək lazımdır ki, konsertdə solo nömrələrlə yanaşı, ansambl nümunələri də ifa olunmuşdur. Məsələn, Beynəlxalq müsabiqələr laureatı və diplomantları – pianoçu Davud Ağalar və violin ifaçısı Yusuf Məmmədlinin təqdimində Ballada dinləyiciləri Əmirovun melanxolik, duyğulu daxili aləminə aparmışdır.
Digər diqqətdoğuran nömrələrdən biri isə məktəb-studiyanın 5-ci sinif şagirdi, bu yaxınlarda, 30 sentyabr 2022-ci il tarixində İSESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, o cümlədən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi “İslam Dünyası” gənc klassik musiqi ifaçılarının XI Beynəlxalq müsabiqəsində fortepiano nominasiyasında 1-ci yerə layiq görülmüş Hüseyn Quliyevin ifası idi. F.Əmirovun texniki və bədii cəhətdən mürəkkəb variasiyalarını təqdim edən Hüseynin incə, lakin bir o qədər də dərin, duyğulu ifası onun parlaq istedadını bir daha nümayiş etdirdi.
Tədbirin maraqlı məqamlarından biri görkəmli bəstəkarın bir sıra əsərlərinin fleyta üçün işləməsinin (məktəb-studiyanın müəllimi, beynəlxalq müsabiqələr laureatı Nəzrin Əmirli) təqdimi idi. Belə ki, F.Əmirovun dillər əzbəri olan gözəl nəğmələrindən biri “Mən səni araram” mahnısının 2 fleyta üçün işləməsi məktəb-studiyanın şagirdləri Nuray Abdullalı və Xatun Quliyevanın ifasında uğurla səsləndirilmişdir. Bundan başqa adları qeyd olunan şagirdlər “Azərbaycan dağlarında” və “Aşıqsayağı” əsərlərini də tamaşaçı auditoriyasının diqqətinə çatdırmışlar.
Bəstəkarın 100 illik yubileyinə həsr olunmuş konsertdə onun kamera-instrumental əsərləri ilə yanaşı, vokal əsərləri də səsləndirilmişdir. F.Əmirovun “Lay-lay”, “Baharımsan”, “Səhər” kinofilmindən Aslanın mahnısı, ilk lirik-psixoloji operamız olan “Sevil”dən Dilbərin ariyası kimi məşhur nömrələr Gülnarə Salmanova, Rafiq Mirzəyev, Emiliya Ağakişiyeva, Etibar Əsgərzadə tərəfindən dinləyicilərə təqdim olunmuşdur.
Tədbirin sonuncu nömrəsi xüsusilə maraqlı idi. Belə ki, məktəb-studiyanın 7-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Məhəmmədəli İbrahimov ksilofonda və 6-cı sinif şagirdi Rüfət Məmmədov marimbada Fikrət Əmirovun “Gözün aydın” musiqili komediyasından rəqsi ifa etdilər. Coşğulu və özünəməxsus çalarlarla seçilən bu rəqsin təqdimi dinləyicilərdə xüsusi diqqətə səbəb oldu və bununla da görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunmuş tədbir alqışlarla başa çatdı.
Üzeyir Hacıbəyli adına
BMA-nın Məktəb-studiyasının elmi işçisi
Günay Məhyəddinli