• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 noyabr 2022-ci il

    15 noyabr 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim olundu.

    Gecədə Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestri çıxış etdi.

    Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Əməkdar mədəniyyət işçisi, Fikrət Əmirov yaradıcılığı haqqında bir neçə monoqrafiya və sənədli filmin müəllifi Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığından söz açdı.

    Daha sonra konsert proqramı təqdim olundu.

    Tədbirdə Xalq artistləri Yeganə Axundova (fortepiano), Teyyub Aslanov (xanəndə), Respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimova (soprano) çıxış etdilər. Orkestrin ifasında bəstəkarın “1001 gecə” baletindən “Şəhrizadın bayramı”, “Sevil” operasından Dilbərin ariyası, Hüseyn Cavidin “Şeyx Sənan” dramından “Kor ərəbin mahnısı”, "Kürd-Ovşarı" simfonik muğamından fraqment, fortepiano və Xalq Çalğı Alətləri Orkestri üçün üç hissəli konserti təqdim olundu.

     Fikrət Əmirov yaradıcılığının şedevr nümunələri tamaşaçıların alqışları ilə qarşılandı.