16 noyabr 2022-ci il
16 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera studiyasında görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirildi.
Konsertin əvvəlində bəstəkar F.Əmirovun həyat və yaradıcılığını əks etdirən video-çarx nümayiş olundu.
Görkəmli bəstəkarın 100 illik yubileyinə həsr olunan konsertin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim Gülnarə Acalova, quruluşçu rejissoru isə BMA-nın müəllimi Dimitri Babayevdir.
Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artisti Nərgiz Kərimova, istedadlı gənc musiqiçilər, Respublika və beynəlxalq müsabiqələr laureatları - Mahir Tağızadə, Anar Seyidov, Atəş Qara, Cəmalə Abdinzadə, Əzizə Ağazadə, Nərminə İsmayılova, Hüseyn Nağıyev, Zəhra Cahan Şıxəliyeva, Fəridə Abbaszadə, Fərəh Musayeva, Nigar İbadullayeva, Kamran Talıblı, Mirzə Səfərov, Rəşad Ağayevin müşayiətilə BMA-nın Sabah qrupunun Xor kollektivi (bədii rəhbər və dirijor Dmitri Babayev) əsrarəngiz ifalarını dinləyicilərə təqdim etdilər.
Zəngin proqrama malik konsert gecəsində Fikrət Əmirovun "Min bir gecə" baletindən "İntroduksiya" (4 əl üçün işləmə Cəmalə Abdinzadə), "Azərbaycan elləri", "Laylay", "Qış yolu", "Gecə keçdi", "Cəfər Cabbarlının portreti", "Ulduz romansı", "Ekspromt", "Gülüm romansı", "Gözün aydın" musiqili komediyasından Leylinin ariozosu, "Sevil" operasından Balaşın mahnısı, "Kor ərəbin mahnısı", "Lirik pyes", (kvintet üçün işləyən Kamran Talıblı), "Mən səni araram" və "Evləri var xana-xana" (xor üçün işləyəni Dmitri Babayev) əsərləri ifa olundu.
Gecədə nümayiş olunan instalyasiyanı da xüsusi vurğulamq lazımdır. Belə ki, ifa olunan hər musiqi əsərinə uyğun ekranda maraqlı səhnələr video-çarx şəklində tamaşaçılara təqdim olunurdu.
Tədbirin sonunda F.Əmirovun qızı Sevil xanım öz ürək sözləri ilə çıxış edərək, belə möhtəşəm konsertin təşkil olunmasında əməyi keçən hər kəsə dərin təşəkkürünü bildirdi.
Təntənəli konsert proqramı tamaşaçıların zövqünü oxşayaraq, gurultulu alqış sədaları altında başa çatdı.