16 noyabr 2022-ci il
16 noyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında təntənəli konsert keçirildi.
Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələrinin birgə iştirakı ilə baş tutdu.
Öncə tədbirdə Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə ön sözlə çıxış edərək, hər kəsi salamlayaraq, BMA-da ixtisasartırma keçən və konsertdə iştirak edən Qazaxıstan Milli Konservatoriyasının tələbələrinə təhsil illərində uğurlar arzu etdi.
Ardınca BMA-nın dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərgiz Hüseynova da tələbələrə uğurlar arzu edib, konsertdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi.
Sonra bədii hissəyə yer verildi.
Konsertdə Qazaxıstan Milli Konservatoriyasının ll kurs magistr tələbələri Acar Omarova, Abzal Aşkenov, Adilet Abdraxmanova və BMA-nın tələbələri Zərrin Əliyeva, Oruc Orucov, Hüseyn Rzayev, Hidayət Sadiqzadə məharətlə çıxış etdilər.
Zəngin konsert proqramında Qara Qarayevin "Yeddin gözəl" baletindən Adajio, Tofiq Bakıxanovun "İmprovizə", Emil Əfrasiyabın Üzeyir Hacıbəyli əsərlərinə "Parafraz" və Adil Bestıbayevin "Skertso", Yevgeni Brusilovskinin "Kozı Karpeş-Bayan sulu" baletindən solo, "Boz-Ayqır süitası"dan final, James Burkenin "Danza Allegre", Bela Kovaskın "Macar mövzularına variasiyalar" əsərləri dinləyicilərə təqdim olundu.
Konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılandı.
Sonda Qazaxıstan Konservatoriyasının tələbələrinə sertifikatlar təqdim olundu. Tələbələr də təşkil olunan konsertdən, keçdikləri ixtisasartırma dərslərindən məmnun qaldıqlarını və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli başda olmaqla, bütün BMA kollektivinə dərin təşəkkürlərini bildirdilər.