4 noyabr 2022-ci il
4 noyabr 2022-ci il tarixində Azərbaycanın Estoniyadakı səfirliyi tərəfindən Tallin şəhər Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert təşkil olundu.
Azərbaycanın Estoniyadakı səfiri Anar Məhərrəmov tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşdiyini, müzəffər Ordumuzun cəbhədə misilsiz şücaət göstərərək Azərbaycan xalqının tarixində və mədəniyyətində xüsusi yeri olan Şuşa şəhəri də daxil olmaqla, işğalda olan ərazilərimizin erməni tapdağından azad edilməsinin əhəmiyyətindən danışdı.
Eyni zamanda səfir A.Məhərrəmov Zəfər Gününün Azərbaycan tarixinin şanlı səhifəsini təşkil etdiyini və bu önəmli gündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsinin dərin hörmət və ehtiramla anıldığını xüsusilə vurğuladı.
Tədbirdə Tallində fəaliyyətlərini davam etdirən azərbaycanlı gənc musiqiçilər - magistr ll kurs tələbələri Məmməd Mahmudzadə (skripka ifaçısı) və Nəriman Əmiraslanov (pianoçu) tərəfindən Zəfər Gününə həsr edilən milli musiqi parçaları-Üzeyir Hacıbəylinin "Cəngi", Fikrət Əmirovun "Muğam poema", "12 miniatür", Qara Qarayevin “Çar kəndinin heykəli”, beş pyes ("Andante", "Beşik mahnısı", "Çin rəqsi", "Adajio", "Vals), Cövdət Hacıyevin "Ballada", Vaqif Mustafazadənin "Düşüncə" əsərləri ifa edilmişdir.
Mərasimin sonunda tədbir iştirakçıları Estoniyada yaşayıb-yaradan görkəmli rəssam R.Quliyevin Qarabağı və xüsusilə Şuşanın heyrətamiz təbiətini özündə əks etdirən rəsm əsərləri ilə tanış oldular.
Tədbirdə Türkiyə, Qazaxıstan, Braziliya, Şimali Makedoniyanın Estoniyadakı səfirləri, Estoniya-Azərbaycan Parlamentlərarası Qrupun sədr müavini Mihail Korb, Türkiyənin və Moldovanın bu ölkədəki səfirliklərinin əməkdaşları, eləcə də Estoniyadakı Azərbaycan icmasının nümayəndələri, Estoniya ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.