28 oktyabr 2022-ci il
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi milli musiqimizin qorunması, ifaçılıq sənətinin inkişafı və təbliği istiqamətində mühüm layihələr həyata keçirir.
Bu layihələr Azərbaycan musiqi mədəniyyətinin gənclər arasında təbliğini, musiqi və estetik zövqünün formalaşmasına dəstək olmağı hədəfləyir, istedadlı gənclərin üzə çıxmasına təkan verir, onların geniş auditoriyada tanınmasına yardımçı olur. Nazirliyin bu ilin mart ayından reallaşdırdığı “Yeni adlar” layihəsi də onlardan biridir.
28 oktyabr 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirildi.
Musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor – Orxan Həşimov) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Vaqif Qurbanov (violonçel) və Elxan Niftiyev (piano) maraqlı proqramla çıxış etdilər.
Konsertdə Vaqif Qurbanovun ifasında İosef Haydının “Violonçel və orkestr üçün konsert”i, Elxan Niftiyevin təqdimatında isə Ferents Listin “Piano və orkestr üçün konsert” əsərləri alqışlarla qarşılandı.
İstedadlı gənclər hər iki əsərin yüksək peşəkarlıqla tamaşaçılara çatdırılması üçün məharətlərini ortaya qoydular.
Musiqi axşamının tamaşaçıları arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər vardı.