• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 oktyabr 2022-ci il

    7 oktyabr 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Bəstəkarlıq" kafedrasının professoru Ceyhun Allahverdiyevin 50 illik yubileyinə həsr olunmuş  konsert keçirildi.

    Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin müşayiətilə təntənəli konsert dinləyicilərə xoş ovqat bəxş etdi.

    Konsertin solistləri olan tanınmış vokal ifaçısı, Azərbaycan Respublikasının Əməkdar artisti Fəridə Məmmədova və istedadlı pianoçu, Respublika və Beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Cəmil Sədizadə əsrarəngiz ifaları ilə tamaşaçılara böyük zövq verdilər.

    Yubiley gecəsində Ceyhun Allahverdiyevin əsərləri- "Qələbə uvertürası", "Dörd romans", piano və simfonik orkestr üçün konsert və "Tac mahal" baletindən l, II suitalar (ilk dəfə ifa olundu) səsləndirildi.

    Təntənəli konsert proqramı qonaqların rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.