24 sentyabr 2022-ci il
24 sentyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundovanın olduğu Baku Chamber Orchestranın konserti keçirildi.
Öncə Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova hər kəsi salamladı və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra konsert açıq elan olundu.
Tədbirdə dirijor Mirian Xuxunaişvilinin rəhbərliyi altında (Gürcüstan) Baku Chamber Orchestranın müşayiətilə, solist-istedadlı pianoçu Kristina Millerin (Rusiya/Almaniya) ifası dinləyicilərə böyük zövq bəxş etdi.
Qeyd edək ki, K.Miller Beynəlxalq müsabiqələr laureatı, Münhen Yeni Filarmoniyasının, Vyana Kamera Orkestrinin, Amerika Orkestrinin, Litva Kamera Orkestrinin solistidir.
Musiqisevərləri bir araya toplayan konsert proqramında Üzeyir Hacıbəylinin "Arazbarı", Friderik Şopenin Piano və orkestr üçün konserti N.1 e moll, op.11, Bencamin Brittenin "Simple Symphony", op.4, Giya Kançelinin "Daneliada"əsərləri ifa olundu.
Təntənəli konsert gecəsi tamaşaçıların rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.
Gecədə qonaq qismində Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, başqa mədəniyyət və incəsənət xadimləri də iştirak edirdilər.