21 sentyabr 2022-ci il
21 sentyabr 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Vyana şəhərində keçirilən "Odlar Yurdunun Səsləri" Beynəlxalq Klassik Musiqi Festivalının qalibləri olan ifaçılıq sənətinin gənc ulduzlarının konserti keçirildi.
Tədbirin əvvəlində auditoriya qarşısında çıxış edən Azərbaycanın xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları salamlayaraq, istedadlı pianoçuları dinləyicilərə təqdim etdi və onlarla BMA-da görüşməkdən şad olduğunu vurğuladı.
Vyana Operettası əsərinə görə Virciniya Yaradıcılıq İncəsənət Mərkəzinin təqaüdçüsü Aleksandr Mariya Vaqner (Almaniya) və Veymarda F.List Beynəlxalq Musiqi Müsabiqəsinin və Zalsburq şəhərində keçirilən Mozarteum Yay Akademiyasının laureatı Qriqorius İoannu (Yunanıstan) səhnədə solo ifalarını təqdim etdilər.
A.M.Vaqner Volfqanq Amadey Motsartın N.11 A-dur sonatasını, Tofiq Quliyevin “Cəmilənin albomu”nu və həmçinin öz bəstəsi "Miniatür über Mohn" əsərlərini ifa etdi. Həmin gün Q.İoannou Ferens Listin “Mefisto-vals” N.1, Friderik Şopenin Noktürn N.1 op.48, C.Psatosun “Jettatura”, Üzeyir Hacıbəylinin “Sənsiz”, Sergey Prokofyevin N.7 op.83 sonatasını tamaşaçıların diqqətinə təqdim etdi.
Müxtəlif milli məktəb, üslub və tarixi dövrlərin bəstəkarlarının əsərlərindən ibarət rəngarəng proqram təqdim edən gənc musiqiçilərin incə təfsiri və virtuoz texnikası Bakı dinləyicilərinin yaddaşında hələ uzun müddət qalacaqdır.
Konsert tamaşaçıların gurultulu alqışları ilə sona çatdı.