• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 sentyabr 2022-ci il

     20 sentyabr 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı və "Şuşa ili" çərçivəsində Şərqin Konservatoriyası sayılan Şuşa şəhərində konsert keçirildi. 

    Öncə Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün güllələnmiş heykəllərinin qarşısına tər çiçəklər düzüldü və  Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Sonra Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərindəki xüsusi nümayəndəsi Aydın Kərimov bütün qonaqları salamlayaraq, qala-şəhərdə bu kimi möhtəşəm tədbirlərin keçirilməsinin qürurverici olduğunu vurğuladı və konserti açıq elan etdi.

    Dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəli önündə keçirilən konsertə  öncə bədii rəhbər və baş dirijor Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Xalq Çalğı Alətləri orkestrinin ifasında Üzeyir Hacıbəylinin "Koroğlu" operası ilə başlanıldı. Ardınca solist tanınmış tarzən Saib Paşazadənin ifasında   S.Ələsgərovun Tar və orkestr üçün 2 saylı konsert, Niyazinin "Qaytağı", solist görkəmli pianoçu, Azərbaycan və SSRİ-nin Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin ifasında F.Əmirov- Ə.Nəzirovanın piano və orkestr üçün Ərəb mövzuları əsasında konserti səsləndirildi.

    Şuşada keçirilən parlaq konsert dinləyicilərin böyük marağına səbəb olaraq, gurultulu alqış sədaları altında başa çatdı.

    Qeyd edək ki, konsertdə qonaq qismində Azərbaycan SSR-in Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, tanınmış pianoçu Murad Adıgözəlzadə və bir çox incəsənət nümayəndələri iştirak edirdilər.