26 iyun 2022-ci il
26 iyun 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirildi.
Qeyd edək ki, konsertdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Mədəniyyət naziri Anar Kərimov və digər hökumət rəsmiləri iştirak etmişlər.
Öncə ölkəmizin azadlığı uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbir konsert proqramı ilə davam etdirildi.
Konsert proqramında Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbəri və baş dirijoru olduğu Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiətilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Uvertura, "Arazbarı", Rauf Hacıyevin "Bakı haqqında mahnı", Fikrət Əmirovun "Sevgi rəqsi", "Min bir gecə" baletindən Şəhrizadın bayramı, Emin Sabitoğlunun "Dədə Qorqud k/f-dən "İncə bellim", Vasif Adıgözəlovun "Laylay", Aqşin Əlizadənin "Cəngi", "Qarabağın maralı", Qara Qarayevin "Yeddi gözəl" baletindən vals, Müslüm Maqomayevin "Azərbaycan", Fərhad Bədəlbəylinin "Dəniz", "Ave Maria" və "Qarabağ şikəstəsi" əsərləri səsləndirildi.
Tədbirdə solist qismində Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli, Əməkdar artistləri Aygün Mübariz, Babək Şuşalı, Ceyla Seyidova, Arzu Əliyeva, Günay İmamverdiyeva və Cəlal Kərimov, Rövşən Qurbanov çıxış etdilər.
Konsert tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.