14 iyun 2022-ci il
14 iyun 2022-ci il tarixində Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edilməsi çərçivəsində Bakıdakı Rus Evində Rusiya Gününə həsr olunmuş Rusiya Coğrafiya Cəmiyyətinin “Ən gözəl ölkə” sərgisi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının konserti keçirildi.
Konsert proqramının təşkilatçısı və aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyonaİnyakina olub. Konsert proqramında əsərlərin çoxusu onun ifasında səsləndirildi.
Təntənəli gecə iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə açılıb.
Tədbirin əvvəlində Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov açılış nitqi ilə çıxış edib.
Musiqili gecədə tamaşaçılar Azərbaycan, rus və xarici bəstəkarların klassik və estrada əsərlərini zövq ala bildilər.
Konsert proqramında Azərbaycanın əməkdar artisti Anton Ferştandt, BMA-nın konsertmeysterləri Dilarə Kərimova və Ülviyyə Əliyeva, Dövlət Akademik Filarmoniyasının artisti Fərhad Ələkbərov, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin solisti Leyla Kərimova, Niyazi adına Simfonik Orkestrin solisti, BMA-nın baş müəllimi Lalə Muxtarova, beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova, BMA-nın məzunu Almaz Şahbazlı, BMA-nın tələbəsi Atefe Qarabaği, Sərdar Serderov iştirak ediblər.
Musiqiçilərin ifasında T.Quliyevin “Bakı haqqında mahnı” və “Sevgi valsı” mahnıları, Mixail Qlinkanın “Lark” əsəri, Pyotr Çaykovskinin “Благословляю вас, леса”, Sergey Raxmaninovun “Полюбила я” romansını, Aleksandr Borodinin "Knyaz İqor" operasından “İqorun Ariya”sı, Pyotr Çaykovskinin "İolanta" operasından İolantanın ariozosu, Aleksandra Paxmutovanın "Нежность" və "Надежда" mahnıları, Ennio Morikkonenin "Cinema di Paradiso" filmindən sevgi mövzusu, Olafür Arnaldsın "Saman" kompozisiyası səsləndirildi.
Konsertin sonunda “Rus Evi”nin rəhbəri İrek Zinnurov təntənəli gecədə iştirak edən musiqiçilərə diplomlar təqdim edib.
Qeyd edək ki, tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycanın mədəniyyət xadimləri, eləcə də dövlət, ictimaiyyət, gənclər təşkilatlarının, elm və təhsil müəssisələrinin, işgüzar dairələrin nümayəndələri iştirak ediblər.