13 iyun 2022-ci il
13 iyun 2022-ci il tarixində məşhur Macar bəstəkarı, virtuoz pianoçu, müəllim, dirijor, publisist, musiqi romantizminin görkəmli nümayəndəsi Ferens Listin (1811-1886) büstünün bu gün Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında açılış mərasimi keçirildi.
Tədbirdə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkeni, SSRİ-nin və Azərbaycanın xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, tanınmış pianoçu, professor Fərhad Bədəlbəyli, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr, İctimaiyyətlə əlaqələr və Sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Azərbaycan Mədəniyyət Nazirliyinin, Macarıstanın ölkəmizdəki səfirliyinin nümayəndələri, BMA-nın professor-müəllim heyəti və tələbələri iştirak etmişlər.
Büstün müəllifi Azərbaycanın Xalq rəssamı, "Şöhrət" ordeni ilə təltif edilmiş, tanınmış Azərbaycan heykəltaraşı Natiq Əliyevdir.
"Bu büst müəllifi Natiq Əliyev və Bakı Musiqi Akademiyasının prorektoru Yeganə Axundovanın Akademiyaya hədiyyəsidir", bu barədə büstün açılış mərasimində Akademiyanın rektoru Fərhad Bədəlbəyli bildirmişdir.
Macar bəstəkarının musiqi irsinin böyük pərəstişkarı olduğunu bildirən Natiq Əliyevin sözlərinə görə, Ferens Listin büstü onun musiqi xadimlərinə həsr etdiyi ilk əsəri deyildir.
"Ferens List təkcə görkəmli bəstəkar, musiqiçi deyil, həm də əla müəllim, gözəl söz və şeir ustadı olub. Onun akademiyamızda büstünün açılması təhsil ocağımız üçün əlamətdar hadisədir" - Yeganə Axundova bildirdi.
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkeni də F.Listin büstünün Musiqi Akademiyasında açılışını şərəfli hadisə adlandırdı. "Bundan sonra Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin də büstünün Budapeştdəki F.List Akademiyasında qoyulması yaxşı olar və iki musiqi ocağı arasında əməkdaşlıq əlaqələrini daha da sıxlaşdırar" - deyə səfir bildirmişdir.
Tədbir əsnasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə Budapeştdəki List Akademiyası arasında əməkdaşlıq memorandumu imzalandı.
Büstün açılışından sonra BMA-nın tələbələri, Beynəlxalq müsabiqələr laureatları Elmar Hüseynov, Nigar Heydərli, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Fidan Rəşidova, Q.Qarayev adına
15 saylı musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Cəmil Sədizadənin ifasında görkəmli macar bəstəkarının əsərləri - "Xromatik etüd" f moll, "Macar rapsodiyası" N.12, cis moll, "Macar rapsodiyası" N.11, a moll, "Kampanella", "Mefisto vals" əsərləri səsləndirildi.
Tədbir tamaşaçıların gurultulu alqış sədaları altında başa çatdı.