• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 iyun 2022-ci il

    7 iyun 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın Orta ixtisas musiqi məktəbi-studiyasının şagirdi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək” layihəsinin iştirakçısı, 25 Respublika və Beynəlxalq müsabiqələrin laureatı Teymur Kazımovun solo konserti keçirildi.

    Həmin axşam Teymuru BMA-nın konsertmeysteri Dilarə Kərimova müşayiət etdi. Tədbirin aparıcısı BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina idi.

    Onu da qeyd edək ki, konsert proqramında BMA-nın Məktəb-studiyasının digər istedadlı tələbələri, beynəlxalq və respublika müsabiqələri laureatları Gülnarə Salmanova, Zərrin Şükür, Məhəmmədəli İbrahimov və Xatun Quliyeva da iştirak etmişdilər. Müxtəlif dövrlərin bəstəkarlarının əsərlərinin yer aldığı konsert proqramı tarixi yanaşma əsasında qurulmuşdur. Nəticədə dinləyicilərin önündə barokko dövründən bu günə qədər parlaq musiqi əsərlərinin panoraması  açıldı.

    Musiqili gecədə Tomaso Albinoninin “Adagio”, Georq Fridrex Hendelin “Samson” oratoriyasından “Samsonun ariyası”, Volfqanq Amadey Motsartın “Bütün qadınlar belə edir” operasından Despinanın ariyası ifa olunub. Anton Arenskinin "Rafael" operasından səhnə arxasında xalq müğənnisinin mahnısı, İohannes Bramsın "Macar rəqsi", Ernesto de Kurtisin "Non ti scordar di me" mahnısı, Qabriel Forenin "Sicialiana", Fikrət Əmirovun "Azərbaycan elləri", Süleyman Ələsgərovun "Sözsüz mahnı № 3", eləcə də müəllif Teymur Kazımovun ifasında Prelüd № 9 səsləndirildi.

    Konsert proqramının kulminasiya nöqtəsi isə Dövlət bayrağının dalğalandırılması ilə vətənpərvərlik mahnıları – musiqişünas-bəstəkar, BMA məktəb-studiyasının elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Oqtayqızının sözləri Gülər Əlvanqızına məxsus "Zəfər nəğməsi" və Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə yazılmış əfsanəvi "Odlar yurdu" mahnılarının ifası oldu. Qeyd edək ki, Teymur Kazımovun ailəsi Şuşadandır və Qarabağ müharibəsində Böyük Qələbə onun ailəsi və şəxsən T.Kazımov üçün xüsusi əhəmiyyət kəsb edir, buna görə də Teymurun müəllimi Aytən Oqtayqızı öz mahnının ifasını məhz ona həvalə etmişdir.

    Gecədə tamaşaçılar ifaçıların incə təfsirindəki gözəl əsərlərdən həzz almaqla yanaşı, həmçinin T.Kazımovunun qısa, lakin zəngin yaradıcılıq tərcümeyi-halından maraqlı faktlarla tanış oldu, habelə konsert zamanı səslənən musiqi əsərləri haqqında da məlumat əldə etdilər.

    Onu da qeyd edək ki, tədbirin fəxri qonaqları “Rossotrudniçestvo”nun Azərbaycan nümayəndəliyinin rəhbəri, Bakıdakı “Rus Evi”nin rəhbəri İrek Zinnurov, “Rus Evi” şöbəsinin müdiri Dmitri Yeqorov, Azərbaycanda rusdilli nəşrlərin assosiyasiyasının təmsilçisi Lyubov Yakunina olub. Azərbaycanın rusdilli təhsil ocaqları Lyubov Yakunina, Azərbaycanın Əməkdar artisti, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli və b. olmuşlar.

    Teymur Kazımov "Fortepiano" sinfi üzrə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunudur, hazırda BMA-nın məktəb-studiyasının  Akademik vokal üzrə Ofeliya Axundovanın sinfində oxuyur.

    T.Kazımov iştirak etdiyi 25 beynəlxalq və respublika müsabiqəsi arasında 19-da qalib olmuşdur. O cümlədən, nüfuzlu «The Stars of Summer» vokalist və pianoçuların II beynəlxalq müsabiqə-festivalında Qran-pri, ABŞ-ın Klivlend şəhərində keçirilən III Ümumrusiya Vokal və Instrumental İncəsənət Müsabiqəsində Yelena Obraztsovanın Mədəniyyət Mərkəzinin mükafatına, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Azərbaycanın xalq artisti Fərəc Qarayevin rəhbərlik etdiyi Qara Qarayev adına Beynəlxalq müsabiqəsi, Azərbaycanın görkəmli mədəniyyət xadimləri – görkəmli bəstəkar Cövdət Hacıyev və məşhur rəqqasə və xoreoqraf Əminə Dilbazinin qızları Pərvin Muradova-Dilbazinin təşkil etdiyi Florida Keys Beynəlxalq müsabiqəsində laureat adına layiq görülmüşdür.

    Görkəmli bəstəkar Fikrət Əmirovun əsərinin ən yaxşı ifasına və Azərbaycan musiqisinin xaricdə təbliğinə görə T.Kazımov Beynəlxalq Fikrət Əmirov Assosiasiyasının xüsusi pul mükafatı ilə təltif olub. Maraqlıdır ki, mükafatı gənc vokal ifaçısına bəstəkarın qızı Sevil Əmirova şəxsən təqdim etmişdir.