3 iyun 2022-ci il
“Fortepiano ansamblı” fənnindən BMA-nın I kurs tələbələrinin konserti
Ansambl birlik, həmahənglik deməkdir, musiqi ifaçılığında isə bir-birini duymaq, dinləyə bilmək, bir yerdə çıxış edən zaman mütənasibliyi, ahəngdarlığı nümayiş etmək bacarığıdır. Əgər musiqiçi ansambl ifaçılığını bacarırsa, demək professional ifaçılıq sənətinə yiyələnib.
Bu baxımdan, 2022-ci il 3 iyun tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında keçirilən konsert də I kurs tələbələrinin ansambl sənətində əldə etdikləri biliklərinin təqdimatında maraqlı oldu.
Keçirilən tədbirdə Bakı Musiqi Akademiyasının baş müəllimləri, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevda Məmmədova və Sevda Məmmədlinin sinfində təhsil alan tələbələr çixiş etmişdir. Qeyd edək ki, Sevda Məmmədova pedaqoji işlə paralel olaraq ictimai fəaliyyətlə də məşğuldur. O, artıq neçə illərdir ki, BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının tədris işləri üzrə direktor müavini vəzifəsində çalışır. İşlədiyi illərdə məktəb-studiyanın fəaliyyətində mühüm rol oynamışdır, keçirilən müsabiqə, festival və konfranslarda, müxtəlif önəmli tarixlərlə bağlı tədbirlərdə fəal iştirak etmişdir.
Sevda Məmmədli isə ifaçılıq və pedaqoji işlə yanaşı professional bəstəkar kimi də fəaliyyət göstərir. Pianoçu, pedaqoq kimi, həm də bəstəkarlıq yaradıcılığı sahəsində o, çox sayda nailiyyətlər əldə etmişdir. Onun gözəl duyğularla zəngin, qəlbəyatan musiqisi müxtəlif tanınmış musiqiçilər tərəfindən mütamadi olaraq ifa olunur. Pianoçu kimi beynəlxalq səviyyəli müsabiqədə iştirak edərək laureat adını qazanmışdır.
Hər iki müəllimin yaradıcılıq palitrası geniş və çoxşaxəlidir. Onların sinfində təhsil alan tələbələr də çalışqan və məqsədyönlüdürlər. Konsertin gedişatında biz də bunun şahidi olduq.
Təqdim olunan konsertin rəngarəng proqramında müxtəlif bəstəkarların iki fortepiano üçün işləmələri və orijinal əsərləri yer almışdır. Burada həm Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayev, Fikrət Əmirovun baletlərindən parlaq nümunələr, Arif Məlikovun iki fortepiano üçün “Skertso” konsert pyesi, həm “Çal-oyna” Azərbaycan xalq mahnısının işləməsi təqdim olundu. Eyni zamanda müxtəlif cərəyanlarda yaşayıb yaratmış xarici bəstəkarlardan V.Motsart, L.Bethoven, İ.Brams, J.Bize, A.Dvorjak, A.Sfasman, V.Qavrilin, A.Piazzollanın əsəsrləri səslənmişdir.
Tələbələr arasında Akademiyada birinci il təhsil aldıqlarına baxmayaraq, artıq Beynəlxalq müsabiqələr laureatları olan – Nəzrin Qulamova, Leyla Hüseynzadə, Nurgül Aslanova, Sübhiyyə Əsgərova, Əsmər Alxasova, Hidayət Sadıqbəyli, Əli Talıbov parlaq ifaları ilə fərqlənirdilər. Digər pianoçu-tələbələr – Gülnar Qədirova, Ülkər Abasova, Nəzrin Məhərrəmli, Fatimə Rəhimli, Qumral Zeynalova, Gültəkin Məmmədova, Aysel İbrahimli də obraz və texniki baxımdan ifa imkanlarını nümayiş etdirdilər.
Ümumiyyətlə, bu səpkidə keçirilən sinif konsertlərin təşkili tələbələri səhnənin xüsusi ab-havasına uyğunlaşdırır, onlarda məsuliyyət hissini daha da artırır.
Müəllimlərimiz və tələbələrimizə yaradıcılıqlarında yeni nailiyyətlər və uğurlar arzu edirik.
Aytən İbrahimova
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının
elmi-metodiki işlər üzrə direktor müavini,
aparıcı elmi işçi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru