• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 iyun 2022-ci il

    Kiçik qəlbin böyük dünyası

    3 iyun tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 7-ci sinif şagirdi Zərrin Şükürün “Qaranquş” adlı fortepiano pyeslərindən ibarət albomun geniş auditoriyaya təqdim edildi. Bu albom Zərrinin ilk bəstəkarlıq işi olduğu üçün simvolik olaraq “Qaranquş” adlandırılıb. Alboma müxtəlif xarakterli 12 pyes daxildir. Albomda yer alan bütün pyeslər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müstəsna müəlliflik hüquqlarının sahibi kimi Zərrin Şükür qeyd edilmlşdir.

    Gənc istedadın musiqiyə marağı özünü erkən yaşlarından biruzə vermişdir. 3 yaşından fortepiano ifaçılığı ilə məşğul olan Zərrin ilk dəfə 4 yaşında solo ifa ilə yanaşı violin alətinə müşayiət etmişdir. Məhz, bu ifa ilə o gələcəkdə gözəl musiqiçi olacağı təəssüratı yaratmış olmuşdur.

    Daha sonra qatıldığı Respublika və Beynəlxalq müsabiqələrdə özünəməxsus ifası, musiqi duyumu, proqramının mürəkkəbliyi, zənginliyi ilə fərqlənən Zərrin respublikamızdan kənarda yaşayan musiqiçilərin diqqətini cəlb etmişdir. Belçika bəstəkarı Didier van Damme özünün məşhur “Avropa üçün Adajio” əsərinin iki fortepianoya işlənmiş nüsxəsini xüsusi olaraq Zərrinin ifa etməsi üçün ona göndərmişdir. Neoklasik üslubda musiqi bəstələyən, geniş dinləyici kütləsinin rəğbətini qazanan, müasir dövrün bəstəkarı Stefan Benniking “Zita möcüzələr diyarında” adlı albomunu Zərrinin ifasında dinləyərək çox bəyənmiş və gənc istedadlı qızı öz əsərlərinin ilk ifaçısı kimi tanımışdır. Bəstəkar bu barədə öz rəsmi saytında məlumat yerləşdirib.

    10 yaşınadək Zərrin bir neçə beynəlxalq müsabiqələrin laureatı olmuşdur. O, dünyanın nüfuzlu musiqi akademiyalarında fortepiano ifaçılığını tədris edən professor-müəllim heyətindən istər layihələr çərçivəsində, istərsə də fərdi şəkildə mütəmadi olaraq ustad dərsləri almış və hazırda da almaqda davam edir.

    Pandemiya dövründə Azərbaycan mədəniyyətinin sosial media üzərində təbliğinə yönələrək dahi bəstəkarımız Üzeyir Hacıbəylinin ev muzeyindən onun “Leyli və Məcnun”, “Arşın mal alan” əsərləri haqqında “The love legend of the East-Leyli and Majnun”, “The cloth peddler” adlı videoçarxlar hazırlamışdır.

    Zərrin bəstələdiyi əsərləri bir yerə toplamaq qərarına gəldiyi ərəfədə onun qarşısına “Üzeyir Hacıbəyliyə ithaf” Beynəlxalq bəstəkarlıq müsabiqəsi haqqında məlumat çıxır. Özünü sınamaq qərarına gəlir.

    Həmin müsabiqənin münsiflər heyətinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə (sədr), Manhettan Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq, Stoni Bruk Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş daxil olunmuşdur. Təşkilat komitəsinin rəhbəri kimi Milli Musiqi və Qlobal Mədəniyyətlər Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova çıxış etmişdir.  

    Müsabiqədə “Ən gənc bəstəkar” adına layiq görülən Zərrin Şükür Qala konsertdə çıxış edərək müsabiqənin şərtlərinə uyğun olaraq Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının musiqisi əsasında bəstələdiyi üç hissəli “Kiçik Süita” əsərindən ikinci hissəni ifa etmişdir.

    Bu gün öz yaradıcılıq yolunda inamla addımlayan Zərrin daha bir mərhələ keçərək fortepiano əsərlərindən ibarət albomunu təqdim etdi. Zərrin haqqında onun təhsil aldığı məktəb-studiyanın tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova, elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, müəllimləri – dosent Arzu Məmmədova, Nərminə Əliverdizadə, Nuranə Zeynalova, Rəna Məmmədova, tanınmış pianoçu Səidə Tağı-zadə və Türk Dünyası Bakı Atatürk Liseyinin müəllimi Məleykə Adıgözəlova çıxış edərək Zərrinin istər pianoçu, istərsə də bəstəkar kimi qeyri-adi fitri istedada malik olduğunu qeyd etdilər.

    Tədbirdə “Qaranquş” adlı alboma daxil olan əsərlər Orta ixtisas musiqi məktəb-studiyası şagirdlərinin, müəllifin və eləcə də professional pianoçuların ifasında dinlənildi. Bu isə müəllifin albomunun onun həmyaşıdları tərəfindən sevilməsinin bariz nümunəsidir. Müəllimlərdən Beynəlxalq müsabiqələr laureatları Nuranə Zeynalova və Fəqan Həsənli, şagirdlərdən isə Respublika və Beynəlxalq müsabiqələr laureat və diplomantları, pianoçular – Aylin Sadıqzadə, Məryəm Quluzadə, Əsəd Quluzadə, Sara Hacıyeva, Fatimə Kələntərova, Mədinə İbrahimova, Rəna Zeynallı (violin) İsa Kələntərov (saksofon), Məhəmmədəli İbrahimov (marimba), Xatun Quliyeva (fleyta), Teymur Kazımov (vokal) öz ifaları ilə tədbirə xüsusi rəng qatdılar.

    Xüsusi istedada malik olan Zərrinin kiçik yaşlarından böyük uğur qazanmasının səbəblərindən biri professor Tərlan Seyidovun rəhbərliyi ilə Məktəb-studiyanın yüksək ixitsaslı, nüfuzlu müəllimlərindən dərs almasıdır. Bu da Zərrinin fitri istedadını üzə çıxaran təhsil aldığı Məktəb-studiyanın müəllim kollektivinin tədris metodikasının beynəlxalq standartlara uyğun, innovativ şəkildə daha öndə olmasının bariz nümunəsidir.

    İncəsənətin mürəkkəb və keşməkeşli yolunda Zərrinə uğurlar arzulayırıq.

     

    BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının

    baş metodisti Natəvan Fərzəliyeva