• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 iyun 2022-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan  professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi-tədqiqat laboratoriyasının təşəbbüsü və Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün

    5№-li Respublika xüsusi internat məktəbi ilə birgə  2022-ci il 1 iyun tarixində hazıladıqları “Şüşa il”nə və “Uşaqların  Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş Görüş-Konsert keçirilmişdir. 

    Bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  5 yanvar 2022-ci ildə verdiyi sərəncama əsasən “Şuşa ili”  elan olunmuşdur. Bu günkü görüş-konsert həm “Şuşa ili”, həm də 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuşdur.    

    Tədbiri 5№-li Respublika xüsusi internat məktəbinin  müdiri İradə xanım Vəzirova açaraq hamını salamlayıb sözü elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadəyə təqdim etdi.  Nuridə xanım uşaqları bayram münasibətilə təbrik edib, həm də bu il “Şuşa ili” ilə bağlı Şuşanın tarixi və musiqi mədəniyyəti haqda maraqlı məlumat verdi.        

    “Uşaqlara qayğı hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur” – Ulu öndər Heydər Əliyevin kəlamı hamımız üçün örnəkdir. Elmi-tədqiqat laboratoriyasının və 5№-li Respublika xüsusi internat məktəbinin şagirdləri tərəfindən keçirilmiş konsert–görüş mövzuların rəngarəngliyi, janr müxtəlifliyi, uşaqlarda vətənə, xalqa olan məhəbbətin təzahürü, müxtəlif alətlərdə və böyük istedada malik olan şagirdlərin ifasında xüsusi maraqla, alqışlarla qarşılandı. Tədbirdə məktəbin şagirdləri Paşayev Ariz (VIII-a), Hüseynova Sara (XI-a), Niftəlizadə Ağaməli (XII-a, kamança), Hüseynova Nazə (XII-a, fortepiano), İmanlı Abbas (IX-a, nağara), Musayev Elnar (IX-a), Alxasov Ülvi (IX-b), Əliyeva Nərmin (X-a), Hacıyev Vasifin ifaları çox təqdirəlayiq idi. Hüseynova Nazə Qara Qarayevin Ekspromt əsərini özünəməxsus musiqi duyumu ilə auditoriyaya çatdırdı,  həm də bəstəkar kimi əsərini də ifa etdi.  Paşayev Ariz Bayatı-Şiraz muğamını, Hüseynova Sara “Alagöz” mahnısını səsləndirdi. Xüsusilə də onu qeyd etmək lazımdır ki, XI-b sinif şagirdləri tərəfindən  (Abuşov Fərid, Bayramov Hidayət, Əliyev Ümid, Feyzullayev Məhəmməd, Hüseynov Pənah, Xanayev Rəcəb, Qulamov Pərvin, Mamaliyev Nurbala, Turabov Əli) Səməd Vurğunun “Vaqif” dramı əsasında hazırladıqları kiçik tamaşanın təqdim olunması bu tarixi əsərə olan hörmət və ehtiramın bariz nümunəsi idi. Tədbirdə bəstəkar-piano ifaçısı, kamança, nağara, gözəl vokal, xanəndə səsə malik olan istedadlı şagirdlərin ifası elmi-tədqiqat laboratoriyasının əməkdaşları tərəfindən böyük həvəslə, maraqla qiymətləndirildi. Hətta əməkdaşlarımız xalq artistləri Arif Əsədullayev, Zümrüd Məmmədova, bəstəkar Rüfət Ramazanov, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli uşaqlara tövsiyyələr də verərək, yaradıcılıq uğurları arzuladılar.  Foyedə uşaqların özləri tərəfindən hazırlanmış fiqurlar, əşyalar, bu məktəbin yetişdirmələri və məzunlarının fotoları təsvir olunmuşdur. Hətta onların məzunlarının fotolarından ibarət muzeylə də əməkdaşlarımız tanış oldular.  

    Belə ki, tədbirdə elmi-tədqiqat laboratoriyasınıın əməkdaşlarının “Şuşanın tarixi və musiqi mədəniyyətinə bir nəzər”, “Qarabağ torpağının məşhur bəstəkarları” mövzusunda məruzələr, musiqi nümunələrinin canlı ifası və Tofiq Bayramın “Qarabağı vermərəm” və “Azərbaycan deyəndə” şeirləri səsləndirildi.

    Tədbir uşaqların  və Xalq artisti Zümrüd Məmmədovanın ifasında Rauf Məmmədovun  “Birlik” mahnısının sədaları ilə tamamlandı.

    Tədbirin sonunda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə və 5№-li Respublika xüsusi internat məktəbinin  müdiri İradə xanım Vəzirova uşaqları bayram münasibətilə təbrik edərək iştirakçılara, əməkdaşlara təşəkkürünü bildirdi. 

    Ü.Hacıbəyli adına BMA-nın

    elmi-tədqiqat laboratoriyasının

    elmi işçisi

    Nəsirova Fidan