• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 may 2022-ci il

    17 may 2022-ci il tarixində  Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihə çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti musiqi axşamı keçirildi.

    “Yeni adlar”ın budəfəki istedadları gənc musiqiçilər – Respublika və beynəlxalq müsabiqələr laureatları Əziz Pənah (qoboy) və Nərmin Nəcəfli (piano) idi. Musiqiçiləri Bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Baku Chamber Orchestra müşayiət edirdi.

    Konsert proqramından əvvəl çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi tarixi" kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayeva "Yeni adlar" və "Mədəni gənclik" layihələri haqqında ümumi məlumat verdi. 

    Daha sonra konsert proqramı təqdim edildi. Gənclər F.Mendelsonun 10 nömrəli simfoniyası, D.Çimarozanın “Qoboy və orkestr üçün konsert”ini və F.Şopenin “Fortepiano və orkestr üçün 1 nömrəli konsert”ini məharətlə ifa etdilər.

    Orkestrin və gənc musiqiçilərin ahəngdar çıxışları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılandı.

    Qeyd edək ki, konserti izləyənlər arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, başqa mədəniyyət və incəsənət xadimləri də vardı. Eyni zamanda Mədəniyyət Nazirliyinin “Mədəni gənclik” layihəsi üzrə Bakı Dövlət Universitetinin (BDU) tələbələri də konserti izləməyə təşrif buyurmuşdular.