16 may 2022-ci il
16 may 2022-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında görkəmli musiqişünas-alim, pedaqoq, əməkdar incəsənət xadimi, professor Elmira Abbasovanın 90 illik yubileyinə həsr olunmuş konfrans-konsert keçirildi.
Tədbirin əvvəlində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəyli, Elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyeva, sənətşünaslıq namizədi, professor Ülviyyə İmanova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mina Babayeva ön sözlə çıxış etdilər.
Konsert proqramında Azərbaycanın Xalq artistləri Yeganə Axundova, Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, BMA-nın professorları Könül Hüseynova, Azərbaycan Dövlət Fortepiano Triosu - Respublikanın Əməkdar artistləri Tövfə Babayeva, Elnarə Kəbirlinskaya, Səbinə İbrahimova, BMA-nın dosentləri Züleyxi Abdulla və Nərgiz Salmanlı, o cümlədən beynəlxalq müsabiqələr laureatı Səbinə Quliyevanın ifasında müxtəlif illərdə Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) rəhbərlik edən bəstəkarların - Üzeyir Hacıbəyli, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Əşrəf Abbasov və Fərhad Bədəlbəylinin əsərləri səsləndirildi.
Elmira Abasova görkəmli musiqişünas-alimdir. Əsasən Azərbaycanın musiqi mədəniyyətinə dair bir sıra elmi araşdırmaların, monoqrafiyaların, broşürlərin və məqalələrin müəllifidir. Onun elmi fəaliyyətinin böyük hissəsi Üzeyir Hacıbəyovun yaradıcılığının öyrənilməsinə həsr olunub. O, Ü.Hacıbəyovun əsərlərinin musiqili-dramatik və üslub xüsusiyyətlərini işıqlandırır, bəstəkarın simfonik təfəkkürünün metodunu üzə çıxarır. “Üzeyir Hacıbəyovun operaları və musiqili komediyaları” (1961), “Üzeyir Hacıbəyovun "Koroğlu" operası” (1965), “Üzeyir Hacıbəyov” (1975), “Üzeyir Hacıbəyov.Həyat və yaradıcılıq yolu” (1985), Ü.Hacıbəyov haqqında məqalələrin müəllifidir. “Üzeyir Hacıbəyov” biblioqrafiyasının məsul redaktorudur (1978).
1977-1991-ci illərdə E.Abasova Azərbaycan Dövlət Konservatoriyasının rektoru, 1973-1990-cı illərdə isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olmuşdur.