5 may 2022-ci il
5 may 2022-ci il tarixində Azərbaycanın Mədəniyyət Nazirliyi, Azərbaycanın ABŞ-dakı səfirliyi və Marshall İrs İnstitutunun (Marshall Legacy Institute, MLI) təşkilatçılığı, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) dəstəyi ilə Vaşinqtondakı Con Kennedi adına İfaçılıq incəsənəti mərkəzində (Kennedi Mərkəzi) azərbaycanlı incəsənət ustalarının “Xarıbülbülün səsi” konserti keçirildi.
Xarıbülbül gülü Şuşa və Qarabağla qırılmaz şəkildə bağlıdır, sevgi və sülh rəmzi, Azərbaycanın əsl simvolu, 44 günlük Vətən Müharibəsində Qələbənin milli rəmzidir.
Qonaqlar arasında ictimai-siyasi xadimlər, ABŞ Konqresinin üzvləri, diplomatik missiyaların nümayəndələri, aparıcı beyin mərkəzləri, ABŞ-ın elm xadimləri, Azərbaycan diasporunun və Amerika ictimaiyyətinin nümayəndələri yer almışdır.
Tədbirdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, USACC-nin icraçı direktoru Natiq Baxışov, MLI-nin icraçı direktoru Elis Beker iki ölkə arasında əlaqələrin inkişafı, Azərbaycanın mədəniyyəti, incəsənəti və adət-ənənələrindən danışdılar.
Bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, direktoru Azərbaycanın Xalq artisti, professor Yeganə Axundova, baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Baku Chamber Orcestra-nın müşayiəti ilə keçirilən Konsert proqramında Xalq artistləri Nəzakət Teymurova, Brilliant Dadaşova, Ənvər Sadıqov, Elşən Mansurov, Əməkdar artistlər Əliağa Sədiyev, Abbas Bağırov, Kamran Kərimov, o cümlədən Arslan Növrəsli, Cəlal Kərimov və başqaları çıxış ediblər. Tədbirdə xalq mahnıları və muğam, estrada mahnıları təqdim olunub.