29 aprel 2022-ci il
29 aprel 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar" layihəsi çərçivəsində Beynəlxalq müsabiqələr laureatı Orxan Haşımovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirildi.
Konsertdə solist qismində beynəlxalq müsabiqələr laureatları, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müşayiətçisi Rüstəm Zeynalov və BMA-nın məzunu Ceyhun Əzizov çıxış etdilər. Musiqili gecədə tamaşaçılar dünya musiqi klassiklərinin incilərindən zövq ala bildilər.
Pianoçuların və orkestrin ifasında L.V.Bethovenin Fortepiano konserti (G dur, op.58) və S.Raxmaninovun "N.Paqanini mövzusunda rapsodiya" (a moll, op.43) əsərləri ifa olundu.
Təntənəli konsert dinləyicilərin gurultulu alqış sədaları altında başa çatdı.
Qeyd edək ki, konsertdə qonaq qismində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev, Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundovanın mötəbər qonaqlar iştirak etmişlər.