• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 aprel 2022-ci il

    Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin  görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamına əsasən 15 aprel 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında  konsert keçirildi.

    Öncə çıxış üçün  Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyeva söz verildi. Sevda xanım bəstəkarın yaradıcılığından söz açaraq, bildirdi ki, F.Əmirov musiqinin demək olar bütün janrlarına müraciət edərək, çox dəyərli sənət əsərləri yaradıb. "Sənətkarın yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi dünyada Azərbaycan musiqisinə verilən qiymətin göstəricisidir. Əslən şuşalı olan Fikrət Əmirovun yaradıcılığı Qarabağın zəngin mədəniyyətindən qaynaqlanır"- deyə S.Məmmədəliyeva əlavə edib.

    O, bu konsertin F.Əmirovun 100 illik yubileyinə həsr olunan ilk tədbir olduğunu da vurğuladı.

    Ardınca söz musiqiyə verildi.

    Tədbirdə solist Azərbaycan Respublikasının Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru Yeganə Axundovanın ifasında və Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə dinləyicilərin qəlbini fəth edən konsert hər kəsdə xoş təəssüratlar oyatdı.

    Yubiley konsertində F.Əmirovun "Min bir gecə" baletindən fraqment, "Ərəb mövzuları əsasında konsert" (F.Əmirov və E.Nəzirova), "Kürd ovşarı" simfonik muğamı, "Azərbaycan kapriççiosu" əsərləri səsləndirildi.

    Tamaşaçılarda xoş ovqat yaradan konsert gurultulu alqış sədaları altında başa çatdı.

    Onu da qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatı və dəstəyi ilə F.Əmirovun fortepiano əsərlərindən ibarət musiqi albomu işıq üzü görmüşdür. Albomda F.Əmirovun  fortepiano əsərləri tanınmış pianoçu, Xalq artisti Yeganə Axundovanın ifasında səsləndirilir.