• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 aprel 2022-ci il

    8 aprel 2022-ci il tarixində adına Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycanın Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, tanınmış skripka ifaçısı Zəhra Quliyevanın yubileyinə həsr olunmuş təntənəli konsert  keçirildi. 

    Konsert musiqiçinin çoxillik yaradıcılıq fəaliyyətinin - ifaçılıq və pedaqoji fəaliyyətinin bir növ yekunu idi. Həmin axşam Azərbaycanın Əməkdar Artisti Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin, professor Z.Quliyevanın sinfinin tələbələri, məzunlarının və təbii ki, günün qəhrəmanının özünün çıxışları tamaşaçıların qəlbini fəth etdi.

    Dünya musiqi klassiklərinin görkəmli korifeyləri N.Hess, İ.Brams, D.Şostakoviç, P.Çaykovski, İ.Yoxov, A.Piazzolla və P.Sarasatenin parlaq, virtuoz əsərləri Zəhra Quliyevanın, Respublika və beynəlxalq müsabiqələr laureatları Nəzrin Aslanlı, Fəridə Rüstəmova, Cəmilə Qarayusifli, Xədicə Mirqulamlı, Şüküfə Rəsulova, BMA-nın tələbəsi Osman Mustafazadə, eləcə də uzun illər Xalq artistinin rəhbərlik etdiyi “Detaşe” skripka ansamblının ifasında  səsləndirilib.

    Qeyd edək ki, tədbirdə qonaq qismində SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor F.Bədəlbəyli, BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar Müəllim, professor N.Quliyeva, Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, Azərbaycanın Xalq artisti, professor Y.Axundova, Azərbaycanın Xalq artisti, Filarmoniyanın direktoru M.Adıgözəlzadə, bir çox mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

    Təntənəli konsert gecəsinin sonunda professor Z.Quliyeva bu tədbirin keçirilməsinə şərait yaradan hər kəsə öz dərin minnətdarlığını bildirdi.

    Tədbir  günün qəhrəmanının şərəfinə  tamaşaçıların gurultulu alqışları ilə başa çatdı!