4 aprel 2022-ci il
4 aprel 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş konsert keçirildi.
Təntənəli tədbirdə çıxış üçün söz Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və Xarici işlər nazirinin müavini Fariz Rzayevə verildi.
Konsertdə Azərbaycan Respublikasının Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestri müxtəlif solistlər ilə çıxış etdi. Bu solistlərin sırasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" kafedrasının baş müəllimi, Əməkdar artist, sənətşünalıq üzrə fəlsəfə doktoru İlham Nəzərov, BMA-nın müəllimi Əməkdar artist Fəridə Məmmədova da yer almışdır. Onlar parlaq ifalarını dinləyicilərə təqdim etdilər.
Bu axşam konsert proqramında P.İ.Çaykovski, O.Zülfüqarov, F.Əmirov, N.Rimski-Korsakov, Q.Qarayev, Q.Svirodov, V.Solovyov-Sedoy, M.Maqomayevin əsərləri səsləndirildi.
Tamaşaçıların könlünü oxşayan konsert gurultulu alqış sədaları altında başa çatdı.
Qeyd edək ki, konsertdə qonaq qismində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Mədəniyyət Nazirliklərinin və müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri də iştirak edirdi.