• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 mart 2022-ci il

    18 mart 2022-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında "Yeni adlar" layihəsi çərçivəsində konsert keçirildi.

    Öncə çıxış üçün söz Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Minaxanım Babayevaya verildi.

    Tədbir Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətilə keçirildi.

    Tamaşaçılara xoş təəssüratlar bağışlayan konsertin solistləri - Respublika və Beynəlxalq müsabiqələr laureatları Məhəmmədəli Paşazadə (klarnet), Eldəniz Ələkbərzadə (piano), prezident təqaüdçüsü Orxan Hüseynov (violonçel) uğurla çıxış etdilər.

    Konsert proqramında M.Ravelin Sol əl üçün D dur konserti, P.İ.Çaykovskinin "Rokoko mövzusunda variasiyalar"ı op.33 (üç hissə), K.Veberin klarnet və orkestr üçün N.1 konserti f moll (üç hissə) səsləndirildi.

    Qeyd edək ki, tədbirdə qonaq qismində Azərbaycan Respublikasının Təhsil Naziri Emin Əmrullayev, Mədəniyyət Naziri Anar Kərimov, Azərbaycan və SSRİ-nin Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova iştirak etmişlər.

    "Yeni adlar" layihəsi çərçivəsində baş tutan konsert tamaşaçılar tərəfindən gurultulu alqışlarla başa çatdı.