17 mart 2022-ci il
Bakı Musiqi Akademiyasının 100 illiyə həsr olunmuş məktəb-studiya şagirdlərinin növbəti konserti
17 mart tarixində, Novruz Bayramı ərəfəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın 100 illik yubileyinə həsr olunmuş Orta ixtisas musiqi məktəb-studiyası tələbələrinin növbəti konserti keçirilmişdir.
Doğma müəssisənin yubileyi münasibəti ilə məktəb-studiyanın müəllimləri ilə yanaşı, BMA-nın təcrübəçi-tələbələri də konsert iştirakçılarının hazırlanmasında yaxından iştirak etmişlər. Beləliklə, konsert Bakı Musiqi Akademiyasının fortepiano və orkestr alətləri fakültələrinin əsas kafedraları ilə məktəb-studiyanın vəhdətinin və qarşılıqlı əlaqəsinin daha bir bariz nümunəsi oldu.
Qeyd edək ki, məktəb-studiyada gənc nəslin harmonik kompleksli təhsili probleminə böyük diqqət yetirilir. Gənc musiqiçilərin inkişafı və formalaşması üçün məktəb-studiya vaxtaşırı maraqlı tədbirlər hazırlayır. Bu müəssisənin təşkil etdiyi Beynəlxalq və Respublika uşaq musiqi festivalları, müsabiqələr, konfranslar gənclərimizin yüksək yaradıcılıq potensialını üzə çıxarır. Keçirilən tədbirlər sırasında şagirdlərin konsertlərini xüsusi vurğulamaq lazımdır.
Öncə keçirilən tədbirlərdə olduğu kimi bu konsertin proqramı həm janr baxımından, həm də təqdim olunan musiqi ixtisaslarının seçiminə görə rəngarəng idi – fortepiano, violin (skripka), çello (violonçel), fleyta, saksofon, marimba, solo və xor ifaçılığı. Konsert proqramında Azərbaycan bəstəkarları – T.Quliyev, Niyazi, Ə.Mustafazadənin, eləcə də xarici müəlliflər – İ.S.Bax, Y.Haydn, L.Bethoven, K.Çerni, R.Şuman, F.Şopen, J.Oberin, M.Balakirev, S.Raxmaninov, B.Qodard, E.Kurtis və başqalarının əsərləri səsləndirilib.
Konsertin arasında çoxsaylı Respublika və Beynəlxalq müsabiqələrin laureatları və diplomantları – pianoçular Məryəm Qədimova, Səkinə Zeynalova, Zərrin Şükür, Davud Ağalar,
Əlixanəliheydər Mirzəzadə, Şəhla Yusibova, Hüseyn Bədəlbəyli, violin ifaçısı Yusuf Məmmədli, çello ifaçısı Əbdülfariz Məmmədzadə, zərb alətləri ifaçısı Məhəmmədəli İbrahimov, vokal ifaçısı Teymur Kazımov iştirak edirdilər.
Onu da vurğulamaq lazımdır ki, hələ laureat və diplomat adını qazanmayan gənc musiqiçilər də yaşıdlarından geri qalmadılar. Onların arasında istedadlı şagirdlər – Hüseyn Quliyev və Solmaz Əliyeva (fortepiano), Əmirhüseyn Əlişanlı (violin), Nuray Abdullalı və Leyla Mirzəyeva (fleyta), İsa Kələntərov (saksofon), Ziya Hüseynov (marimba), Gülnarə Salmanova (vokal) maraqlı ifaları ilə fərqləndilər.
Konsert proqramında solo ifalarla yanaşı şagirdlərin ansambl dueti də yer almışdır. Yusuf Məmmədli (violin) və Davud Ağalar (piano) Çarlz Danklyanın “Variations on the Theme of Bellini” (Bellinin mövzusuna variasiyalar) əsərini ifa etdilər.
Əlbəttə ki, uşaqlar, onların valideynləri və müəllimləri üçün hər növbəti konsert çıxışı, xüsusən də, BMA-nın Böyük zalında, onların peşəkar musiqiçi kimi şəxsiyyətlərinin formalaşmasında, eləcə də böyük səhnə və geniş tamaşaçı kütləsi qarşısında qorxusunun aradan qaldırılmasında müəyyən keçid mərhələsidir. Konsertlərdəki çıxışlardan sonra uşaqlar ilhamlanır və gələcəkdə professional musiqiçi kimi inkişaf üçün böyük stimul alırlar.
Respublikanın Əməkdar müəllimləri Aişə Əliyeva, Nərgiz Mansurova və dosent Mədinə Tuayeva, sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevda Məmmədova və Tahirə Mustafayeva, dosent Gülnarə Quliyeva, müəllimlər Dilarə Salayeva, Nərminə Əliverdizadə, Ofeliya Axundova, Nuranə Zeynalova, Firuz Hüseynov, Ayxan Qafarov, Qüdrət Həsənzadə və Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli uşaqların hazırlanmasında böyük zəhmət çəkmişdir. Assistent qismində onlara təcrübəçi-tələbələr kömək edirdi. Onların arasında konsertdə konsertmeyster kimi çıxış edən – Nigar Hüseynzadə, Nuray Babayeva, Gülnar Ağayeva, Zəhra Ramazanlı, Səkinə Quliyevanın adlarını çəkmək olar. Doğma məktəb-studiyanın tədbirlərində fəal iştirak edən məktəb-studiyanın məzunu, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayevanın rolunu xüsusilə vurğulayırıq. Məktəb-studiyanın parlaq istedadlı şagirdi, beynəlxalq müsabiqələr laureatı Teymur Kazımovu bütün konsertlərində müşayiət edən, onun yaradıcılıq işlərində daima dəstəkləyən təcrübəli BMA-nın konsertmeysteri Dilarə Kərimovanın böyük rolunu qeyd etməliyik. Hər zamankı kimi bu konsertdə də Dilarə xanım Teymuru yüksək peşəkar səviyyədə müşayiət etdi, onların çıxışı ilə konsert təntənəli şəkildə başa çatdı.
Bu konsert BMA-nın məktəb-studiyasının həm məktəb, həm də studiya kimi fəaliyyətini göstərən parlaq nümunədir.
Bütün iştirakçıları, müəllimləri və məktəb-studiyanın və BMA-nın yaradıcı kollektivini uğurlu bayram konserti münasibətilə təbrik edirik.
Aytən İBRAHİMOVA
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,
BMA-nın Məktəb-studiyasının aparıcı elmi işçisi