• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    9 mart 2022-ci il

    Bakı Musiqi Akademiyasının 100 illik yubileyi münasibəti ilə məktəb-studiya şagirdlərinin konserti keçirilib.

    Neçə-neçə istedadlı nəsil yetişdirmiş, Azərbaycan musiqisinin beşiyi sayılan Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində silsilə tədbirlərlərin təşkili davam edir. BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası da öz növbəsində möhtəşəm yubileylə bağlı bir sıra konfrans, müsabiqə, ustad dərsləri və konsert tədbirləri həyata keçirmişdir.

    Bu mötəbər tədbirlərdən biri Beynlxalq Qadınlar Günü ərəfəsində Bakı şəhərində yerləşən Rus Mədəniyyət Mərkəzində baş tutmuşdur. Rus Evinin nümayəndəliyi və Bakı Musiqi Akademiyasının birgə təşkil etdiyi konsertdə bir-birindən maraqlı çıxışlar olmuşdur. Diqqətəlayiq məqam ondan ibarətdir ki, tələbələrlə yanaşı məktəb-studiyanın saksofon ixtisası üzrə 6-cı sinif şagirdi İsa Kələntərov və bir çox Beynəlxalq müsabiqələr laureatı olmuş vokal ifaçısı 10-cu sinif şagirdi Teymur Kazımov parlaq çıxışları ilə fərqlənmişdilər. Eyni zamanda məktəb-studiyanın məzunu, hazırda isə müəllim kimi fəaliyyət göstərən Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli də professional ifaçılıq qabiliyyətini nümayiş etdirmişdir.

    Silsilə tədbirlərin davamı olaraq, 2022-ci il 9 mart tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının şagirdləri konsert proqramı ilə çıxış etmişlər.

    Konsertdə fortepiano, violin, fleyta, vokal ixtisasları üzrə rəngarəng musiqili proqram təqdim olunmuşdur. Müxtəlif yaş kateqoriyalarına aid şagirdlərin ifa etdikləri musiqi əsərləri həm Azərbaycan, həm də xarici bəstəkarların yaradıcılıqlarını əhatə edirdi. Sevindirici məqamlardan biri odur ki, kiçik yaşlı şagirdlər ilk dəfə böyük səhnəyə qədəm basdıqlarına baxmayaraq məharətlə çıxış edə bilmişlər.

    Fortepiano sinfində təhsil alan şagirdlər – Səidə Əliyeva, Ayişə Əliyeva, Əminə Məmmədova, Məryəm Hüseynzadə, Məryəm Quluzadə, Sara Hacıyeva, Nihad Məmişov, Cəmilə Sadıxova, Mikayıl Qasımlı, Aylin Nəsirova, Rauf Bağırzadə, Əhməd Əfəndizadə, Nəzrin Abasbəyli Avropa klassik musiqisi ilə yanaşı müasir zəmanəmizin musiqi əsərlərinə də müraciət etmişlər. Xüsusən də, Qlevart Styuartın “Reqtaym”ı, Oskar Petersonun “Caz ekzersayz” musiqi nömrəsi dinləyicilər tərəfindən maraqla qarşılanmışdır.

    Violin alətində ifa edən şagirdlər Qurban Abdullalı, Emiliya Mirzəzadə, Rəna Zeynallı, Şəhla Qazıyeva, Elmir Hüseynov ecazkar alətin sehrinə qapılaraq müxtəlif musiqi əsərlərini canlandırmışdılar. Burada mazurka, vals, kiçik pyes, ballada və s. əsərlər səsləndirilmişdir.

    Konsertdə həmçinin vokal ifaçıları da çıxış etmişlər. Onlar məktəb-studiyanın vokal müəllimi Ofeliya Axundovanın şagirdləri Etibar Əsgərzadə və Emiliya Ağakişiyevadır. 5-ci sinif şagirdi Etibar Əsgərzadə “Qubanın ağ alması” Azərbaycan xalq mahnısını oxumuşdur. Onun həzin ifası dinləyicilər tərəfindən rəğbətlə qarşılanmışdır. Digər şagird – Emiliya Ağakişiyeva isə italyan bəstəkarı Vincenzo di Chairanın məşhur “La spaqnola” əsərini məharətlə ifa etmişdir.

    10-cu sinif şagirdi Xatun Quliyeva alman bəstəkarı Kristof Qlyukun “Orfey və Evridika” operasından “Melodiya” musiqili nömrəsini çalmışdır. Fleyta alətində səslənən bu əsər füsünkarlığı və şəffaflığı ilə seçilirdi.

    Uşaqların hər birinin simasındakı təbəssüm və sevinc cizgiləri onların musiqiyə olan sevgilərindən xəbər verir. Əlbəttə ki, bu sevgini onlara aşılayan müəllimlərin zəhməti danılmazdır. Məktəb-studiyanın yüksək ixtisaslı müəllimləri: Əməkdar müəllimlər  – Ayişə Əliyeva, Nərgiz Mansurova və dosent Mədinə Tuayeva, müəllimlər – sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova, dosent Gülnarə Quliyeva, Ofeliya Axundova, Arzu Rzayeva, Naira Qulamova, Dilarə Salayeva, Nərminə Əliverdizadə, Nuranə Zeynalova, Anna İsrafilova, Qüdrət Həsənzadə hər bir şagirdə individual yanaşaraq, onlarda olan istedadı professional səviyyəyə çatdırmağa çalışırlar.

    Professor Tərlan Seyidovun 40 il ərzində rəhbərlik etdiyi BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası şagirdlərin ifa qabiliyyətlərini, onların mərhələli şəkildə inkişaflarının yoxlanılmasını, eyni zamanda uşaqların böyük auditoriya qarşısında çıxış etmək imkanının təminatı üçün müntəzəm olaraq bu kimi tədbirlər təşkil edir. Məktəb-studiyanın müəllim heyəti üçün şagirdlərin hərtərəfli – həm ifa, həm də nəzəri biliklər baxımından inkişafı böyük əhəmiyyət kəsb edir.

    Məlum olduğu kimi, məktəb-studiya BMA-nın tələbələri üçün təcrübə ocağı sayılır. Belə ki, tədris ili boyunca BMA-nın tələbələri məktəb-studiyanın dərs prosesində iştirak etmək və bu təhsil ocağının yüksək ixtisaslı müəllimlərindən yararlanmaq imkanına malikdirlər. Keçirilən konsert tədbirində də təcrübəçi-tələbələr konsertmeyster qismində şagirdləri müşayiət edirdilər. Qeyd etməliyik ki, tədbirin aparıcısı təcrübəçi-tələbə Fidan Nağıyeva olmuşdur.

    BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının həyata keçirdiyi bütün tədbirlər ilk növbədə uşaqların musiqi aləminə yanaşma üsulunun düzgün formalaşmasına yönəlmişdir.

     

    Şəfəq HACIYEVA

    Bakı Musiqi Akademiyasının

    Orta ixtisas musiqi məktəb-studiyasının

    böyük elmi işçisi