28 yanvar 2022-ci il
28 yanvar 2022-ci il tarixində Bakıdakı Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) dahi rus bəstəkarı, pianoçu və pedaqoq Aleksandr Skryabinin 150 illik yubileyinə həsr olunmuş təntənəli konsert keçirilmişdir.
Tədbirin proqramını konsertin aparıcısı və təşkilatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina hazırlayıb və o, həm də Skryabinin bir neçə əsərini ifa edib. Tamaşaçılar A.Skryabinin özünün nəzərdə tutduğu kimi, musiqini rəng palitrası ilə birlikdə hiss etməyi bacarıblar.
Konsert zamanı qonaqlar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və məzunları - baş müəllim Lalə Muxtarova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Nərgiz Salmanlı, konsertmeyster Dilarə Kərimova, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin solisti Leyla Kərimova, BMA-nın məzunu Mədinə Ağayeva, BMA-nın tələbəsi Kənan Xəlilzadə, BMA-nın Məktəb-Studiyasının şagirdi Teymur Kazımov və Kamilla İmanovanın ifasında Skryabin və onun müasirlərinin əsərlərindən zövq ala bildilər.
Tədbirdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Rusiya səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri İqor Yeronin, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev, Yeni Azərbaycan Partiyasının gənclər qanadının idarə heyətinin üzvü Anastasiya Lavrina, biznes strukturlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri qonaq qismində iştirak edirdilər.