30 yanvar 2022-ci il
Lalə Cəfərovanın “Bir Xəzər əfsanəsi” baletinin premyerası
2022-ci il 30 yanvar tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında yeni əsər tamaşaya qoyuldu. İlk dəfə səhnə təcəssümünü tapmış bu əsər – bəstəkar Lalə Cəfərovanın “Bir Xəzər əfsanəsi” adlı iki pərdəli baletidir.
Lalə Cəfərova görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun yetirməsidir və özünəməxsus dəst-xətti ilə seçilir. Müəlliminin ənənənlərini layiqincə davam edən Lalə Cəfərova yeni gözəl səhnə əsəri ilə musiqiçiləri sevindirdi. Bəstəkar milli çalarlardan məharətlə istifadə etmişdir. Obrazların daxili aləmini açıqlayan səhnələrin xalq ənənələrinə əsaslanan ab-havası maraq doğururdu. Belə ki, əsas qəhrəmanlar Turan və Türkanın toy səhnəsində həzin xarakterə malik segah məqamına əsaslanan Mirzəyi-Vağzalı rəqslərinin intonasiyaları eşidilirdi. Döyüş səhnələri isə qəhrəmani xarakterli Çahargah məqamının ad-havasına qərq edirdi.
Baletin premyerası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdir. Tamaşaya mötəbər qonaqlar, tanınmış musiqiçilər, bəstəkarlar, musiqişünaslar, mədəniyyət işçiləri təşrif buyurmuşdur.
Tamaşanın quruluşçu baletmeysteri – balet truppasının bədii rəhbəri Azərbaycanın Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” mükafatları laureatı Kamilla Hüseynova, musiqi rəhbəri və dirijoru – Antal Dorati adına Beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimov, quruluşçu rəssam – Azərbaycanın Əməkdar mədəniyyət işçisi Tehran Babayev, tamaşanı idarə edən – Əməkdar artist Yuri Lobaçev idi.
Baletdə Azərbaycanın Əməkdar artistləri – Anar Mikayılov (Xəzər şah) və Makar Ferştandt (İbrahim şah), Balet artistlərinin müsabiqəsinin bürünc mükafatının qalibi (Almaniya) və “Humay” milli mükafatının laureatı Ayan Eyvazova (Türkan), Seymur Qədiyev (Turan), İslam Məmmədov (Oğuz) yüksək professionallıq sərgiləmişdilər.
Bəstəkar Lalə Cəfərovanı premyera münasibəti ilə təbrik edir və yeni-yeni yaradıcı uğurlar diləyirik. Həqiqətən, bu balet musiqisevərlər üçün dəyərli töhfə oldu.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
Aytən İBRAHİMOVA