26 noyabr 2021-ci il
26 noyabr 2021-ci il tarixində Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert salonunda dahi şair, mütəfəkkir Nizami Gəncəviyə həsr olunan "Nizami və musiqi" adlı konsert keçirildi.
Gecənin proqramına Nizami poeziya müsabiqəsinin iştirakçıları, qaliblərinin sözlərinə və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunları olan gənc bəstəkarların musiqilərinə yazılmış kamera-vokal əsərləri daxil edilmişdir.
Konsertdə səs və fortepiano üçün Nizami və Hakim Məmmədlinin sözlərinə "Gözüm aydın", Vəfa Bağırzadə - "Eşq", Elvin Quliyev - "Gecə", Ümidə Fətəliyeva - "Ey dost", Lalə Əhmədova - "Görünür" və Aidan Əliyeva - "Olacaqsan", həmçinin instrumental ansamblın müşayiətilə səs üçün yazılmış Ülkər Aşurbəyovanın "Gözüm aydın", "Gözümə sürəti canan görünür" və Sara Dilrubanın "Bu qəlbim ahü-zar etdi" romansları səsləndirildi.
Gənc bəstəkarların əsərlərini gənc xanəndə və instrumental ifaçılar, klassik və xalq çalğı alətlərinin ifaçıları - Əməkdar artist Toğrul Əsədullayev (kamança), vokalçılar İlkin Abdullayev, Sübhan Rüstəmov, Cəlal İsayev (tenor), Eleonora Mustafayeva (soprano), Rza Xosrovzadə (bariton), pianoçular Fuad Əlizadə, Aynur Xəlilova, Rəhimə Qurbanova, arfa ifaçısı Fəridə Ələkbərli, balaban ifaçısı Anar Vəlizadə, İbrahim Yusifli (qaval) təqdim ediblər. Nizami Gəncəviyə həsr olunan tədbirlər silsiləsi konserti dinləyicilərin gurultulu alqışları ilə başa çatdı.
Qeyd edək ki, N.Gəncəvi ili çərçivəsində elmi-praktiki musiqişünaslıq konfransları, Nizaminin şeirləri üzrə ən yaxşı romans-qəzəl müsabiqəsi və digər tədbirlər təşkil olunmuşdur.