• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 noyabr 2021-ci il

    19 noyabr 2021-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət  Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının 100 illikyubileyinə həsr olunmuş.

    Möhtəşəm konsert proqramı baş tutdu. Bu konsert ilin əvvəlindən etibarən ən yaxşı beynəlxalq və yerli konsert məkanlarında keçirilən və BMA-nın yubileyinə həsr olunmuş bir sıra konsert və tədbirlərin kulminasiya nöqtəsi oldu. Belə ki, konsertin baş tutduğu axşam Filarmoniyada heyrətamiz, təntənəli bayram abu-havası hökm sürürdü. Foyedə Bakı Musiqi Akademiyasının musiqişünaslıq sahəsində aparıcı mütəxəssislərinin müəllifi olduğu önəmli elmi işlərin ekspozisiyası həyata keçirilmişdir. Əlamətdar hadisə münasibətilə Filarmoniyanın səhnəsi gül-çiçəklərlə bəzədilmişdi. Qeyd edək ki, tədbirdə qonaq qismində Azərbaycan Respublikasın Təhsil Naziri Emin Əmrullayev, Mədəniyyət Naziri Anar Kərimov, Xarici İşlər Naziri Ceyhun Bayramov,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə  Abbaszadə, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri, habelə,  mədəniyyət və incəsənət xadimləri, o cümlədən, BMA-nın professor-müəllim heyəti iştirak edirdilər.  

    Tədbir BMA-nın yaranması və tarixi inkişaf yolundan, o cümlədən çağdaş inkişaf mərhələsində təhsil ocağının əldə etdiyi uğur və nailiyyətlərin əks olunduğu videoçarxın nümayişi ilə açıldı. Bundan sonra başlayan konsert proqramı milli akademik musiqi sənətinin aparıcı musiqiçilərini bir səhnədə toplamışdır.  Belə ki, təntənəli konsert düz 100 il əvvəl Şərqdə ilk ali musiqi təhsili ocağının təşkil olunmasının təşəbbüskarı olan, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylinin iki parlaq əsərinin ifası – “Koroğlu” operasından Üvertura və “Sevgili canan” qəzəl-romansı ilə başladı. Daha sonra dinləyicilərə İ.Hacıbəyovun “Cəngi”, F.Pulenkin iki piano və orkestr üçün Konsertinin II və III hissələri, F.Əlizadənin “İntizar” operasından duet, H. Rzayevin "Çahargah" rapsodiyası, K.Kartnerin konsertinosu, S. Raxmaninovun iki piano üçün 2 nömrəli Süitasının III və IV hissələri təqdim olunub. 

    Azərbaycan və dünya musiqi klassiklərinin əsərləri SSRİ və Azərbaycan Xalq artisti, BMA-nın rektoru Fərhad Bədəlbəyli, Xalq artisti, BMA-nın prorektoru Yeganə Axundova, o cümlədən, Xalq artistləri, Ülviyyə Hacıbəyova, Murad Adıgözəlzadə, Murad Hüseynov, Gülnaz İsmayılova, Şükür Səmədov, Samir Cəfərov, Elçin Həşimov, Əməkdar artistlər Səbinə Əsədova, Elnur Əhmədov, Muğam Televiziya müsabiqəsinin qalibləri Mirələm Mirələmov, Kamilə Abıyeva, habelə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Dövlət Xor Kapellasının ifasında təqdim olunmuşdur. Həmin axşam Azərbaycan Dövlət Simfonik Orkestri Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artistlər Fuad İbrahimov və Əyyub Quliyevin rəhbərliyi ilə səsləndirilmişdir.

    Tədbirin xüsusi qonağı isə Bakıda anadan olmuş və öz sənəti ilə dünya musiqi ictimaiyyətini fəth etmiş görkəmli violin ifaçısı və dirijor Dmitri Sitkovetski olmuşdur. Belə ki, D. Sitkovetskinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında  M. Ravelin "Qaraçı qız", habelə, Q.Qarayevin "Yeddi gözəl" baletindən Vals və Marş dinləyici auditoriyasına təqdim olundu. Konsert proqramı V.Adıgözəlovun "Qarabağ şikəstəsi" oratoriyası ilə başa çatdı. 

    Qeyd edək ki, konsert zamanı BMA-nın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli tədbirdəki qonaqlara müraciət edib. Təbrik nitqində o, Akademiyanın bu mühüm yubileyini böyük sevinc və xüsusi hisslərlə qeyd etdiyini vurğulayaraq əlavə etdi ki, BMA-nın bir əsrlik tarixi doğma ölkə üçün olduqca vacib tarixi hadisə - Qarabağın azad edilməsi ilə üst-üstə düşmüşdür. 

    Tədbirin final nöqtəsi şamlarla bəzədilmiş yubiley tortunun bütün tamaşaçı auditoriyasının ümumi ifası ilə “Ad günün mübarək!" təbrik mahnısının fonunda səhnəyə gətirilməsi və dinləyicilərin ayaqüstə coşqun alqışlarla qarşılaması oldu!