17 noyabr 2021-ci il
Bildiyimiz kimi bu il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi qeyd olunur. Belə bir əlamətdar tarix münasibətilə Azərbaycanda, o cümlədən, xarici ölkələrdə ən yaxşı yerli və əcnəbi incəsənət ustalarının iştirakı ilə bir sıra təntənəli tədbir və konsertlər həyata keçirilir.
Onlardan biri də Bakıdakı Rus Evində (RİMM) 19 noyabr 2021-ci ildə baş tutmuş konsert proqramıdır.
Tədbirin açılışında Rusiya Əməkdaşlıq təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Bakı Musiqi Akademiyasının kollektivini yüzillik şanlı yubiley münasibətilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Həmçinin, BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyevaya nümayəndəliyin təbrik məktubu və hədiyyəsi təqdim edilib.
Gecənin aparıcısı və təşkilatçısı, BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alena İnyakina ali məktəbin tarixindən və uğurlarından, Azərbaycanda akademik musiqi sənətinin inkişafında mühüm rol oynamış tanınmış məzunlarından, habelə, gələcək planlardan danışdı.
Gecədə qonaqlar BMA-nın müəllim, tələbə və məzunları - Alena İnyakina, Lalə Muxtarova, Nərgiz Kəngərli, Dilarə Kərimova, Nuranə Qurbanova, Vüsal Aydəmirov, Urfan Cəfərov, Leyla Kərimova, Nəriman Məsimov, Fidan Məmmədzadə, Fidan Nağızadə, Nailə Xasıyeva, Cəmalə Abinzadə, həmçinin, BMA-nın nəzdində fəaliyyət göstərən məktəb-studiyanın 11-ci sinif şagirdi Teymur Kazımovun təqdimatında Azərbaycan, rus və dünya musiqi klassiklərinin əsərlərindən zövq alıblar.
Tədbirin qonaqları arasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, yaradıcı ziyalıların və gənclərin nümayəndələri iştirak etmişlər.