• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 noyabr 2021-ci il

    2021-ci il musiqi aləmində iki mühüm yubiley tarixi ilə - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi və Sankt-Peterburq musiqi liseyinin 25 illiyi ilə əlamətdardır.

    Qeyd edək ki, iki yubileylə əlaqədar Sankt-Peterburq musiqi liseyinin aparıcı müəllim və musiqiçiləri Bakıda qastrol səfərində olublar. Bu qastrol səfəri çərçivəsində 12 noyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akadrmiyasının Böyük zalında “Zəfər günü”, Sankt-Peterburq musiqi liseyinin 25 illiyi və Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçirildi.

    Konsertdə rusiyalı qonaqlar arasında Sankt-Peterburq musiqi liseyinin direktoru Vitali Romanov, tədris-metodiki və konsert işləri üzrə direktor müavini, musiqişünas Marina Lityuşkina, simli xalq çalğı alətləri üzrə şöbə müdiri Aleksandr Kuçin, Aleksandr Vasilyev (violin), Svetlana Qrişenko (domra), Yelena Veselova (qusli), Sergey Vasilmanov (balalayka), Dmitri Voronin (gitara), Aleksandra Voronina (piano), Aleksandr Meşeryakova (piano), Mariya Çistyakova (piano) yer almışdır.

    Fərəhli haldır ki, qastrolda olan musiqiçilər arasında Bakıda doğulub boya-başa çatmış və çıxışlarını doğma şəhərlərinə həsr edən evli cütlük Dmitri və Aleksandra Voroninlər də var idi.

    Qastrol zamanı bir neçə tədbir həyata keçirilmişdir. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində məşhur violin ifaçısı, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq namizədi, Sankt-Peterburqun Mariinski Teatrının orkestrinin solisti Aleksandr Vasiliyevin ustad dərsləri keçirilib. Ustad dərslərində Bakı şəhər 2, 13, 20, 22, 23 və 33 saylı uşaq musiqi məktəblərinin şagirdləri iştirak ediblər. Bundan başqa Bakıdakı Rus evində (RİMM) Sankt-Peterburq musiqi liseyinin aparıcı müəllimlərinin "Rus möcüzəsi" adlı mühazirə-konserti keçirilib. Tədbir Rusiya Əməkdaşlıq təşkilatının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi tərəfindən təşkil olunmuşdur.

    Qeyd edək ki, tədbir "Peterburq Beynəlxalq Balalayka həftəsi" layihəsi çərçivəsində keçirilib və alətin, o cümlədən, ifaçılıq ənənəsinin dirçəlməsinin 150 illiyinə həsr olunub. Tədbirdə qonaqlara rus xalq çalğı alətlərinin tarixi, xüsusilə, rus milli mədəniyyətinin simvolu olan konsert balalaykası ilə bağlı məlumat verilib, həmçinin domra, habelə, quslidə ifa üsulları nümayiş etdirilib. Mini-konsertin də təqdim olunduğu tədbirin qonaqları arasında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllimləri, məktəblilər, valideynlər, o cümlədən, rus musiqisi və incəsənəti ilə təmasda olmaq istəyən şəxslər yer almışdır.

    Bundan başqa Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Rusiyadan gələn qonaqların iki böyük konsert proqramı baş tutub. Gecənin açılışında BMA-nın prorektoru, Əməkdar müəllim, pedaqoji elmlər namizədi, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş professor Nərminə Quliyeva hazırladıqları maraqlı proqrama görə musiqiçilərə təşəkkürünü bildirib və təhsil müəssisələri arasında bundan sonra da yaradıcı əməkdaşlığa inamını vurğulayıb. Musiqiçilər dünya və rus klassiklərinin solo və ansambl əsərlərinin, o cümlədən, rus xalq mahnılarının işləmələrinin də daxil olduğu olduqca maraqlı konsert proqramı ilə çıxış etdilər. Əsərlər həm akademik musiqi alətlərində, həm də rus xalq çalğı alətlərində - balalayka, domra, quslidə təqdim olundu. Sənətçilərin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.