8 noyabr 2021-ci il
8 noyabr 2021-ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəkçisi olduğu “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Zəfər günü” yarmarkası çərçivəsində Bakı Kamera Orkestrinin konserti baş tutdu.
Konsertdə bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, dünya şöhrətli pianoçu, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, direktoru BMA-nın Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və Sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Bakı Kamera Orkestrinin müşayiətilə Fikrət Əmirovun “1001 gecə” baletindən fraqment, sonra Əməkdar artist Azər Zadənin ifasında Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı, Aqşin Əlizadənin “Cəngi”, Əməkdar artist Şirzad Fətəliyevin ifasında “Sarı gəlin” xalq mahnısı, "Sən gəlməz oldun", Həsən Rzayevin “Çahargah rapsodiyası” (solistlər Elçin Həşimov-tar, Elnur Əhmədov-kamança) səsləndirildi.
Xalq artisti Mənsum İbrahimovun ifa etdiyi “Qaçaq Nəbi” mahnısı, Ü.Hacıbəylinin "Arazbarı" əsəri Zəfər ovqatlı Bakı axşamında əks-səda doğurdu.
Niyazinin "Qaytağı" əsərindən sonra Xalq artisti Alim Qasımovun Əməkdar artist Fərqanə Qasımova ilə birlikdə ifaları bayram coşqusunu daha da artırdı.
Ardınca Arslan Növrəslinin tarda ifasında "Qərənfil" romansı ifa olundu.
Bayram konsertinin davamında Q.Qarayevin "İldırımlı yollarla" baletindən "Aişənin rəqsi" və "Qızların rəqsi" səsləndirildi.
Xalq artisti Nəzakət Teymurovanın ifasında "Qarabağ şikəstəsi" konsertə bir həzinlik gətirdi.
Sonda Əməkdar artist Azər Zadənin ifasında səslənən M.Maqomayevin "Azərbaycan" əsəri tamaşaçıların qəlbində qürur hissi doğuraraq, gur alqışlarla sona çatdı.