• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 oktyabr 2021-ci il

    22 oktyabr, 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında  Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor, müəllim və tələbə heyəti ilə Görüş-konsert keçirilmişdir.

    Qeyd etmək lazımdır ki, Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində Azərbaycan, o cümlədən, xarici ölkə universitetləri ilə tez-tez görüş-konsertlər keçirilir.

    Konsertin dirijorları Azərbaycanın xalq artisti Yalçın Adıgözəlzadə və Əməkdar artist Fuad İbrahimov olmuşdur.

    Öncə çıxış üçün səhnəyə Azərbaycanın xalq artisti, professor Zəhra Quliyeva  dəvət olunub. DİA-nın professor, müəllim və tələbə heyətini salamlayan Z.Quliyeva bu il 100 illik şanlı yubileyini qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixi, inkişaf yolu, habelə, bu müqəddəs ocağın yetişdirdiyi  istedadlı musiqiçilər haqqında məlumat verib.

    Konsert proqramı dahi Ü.Hacıbəylinin “Koroğlu” operasından Üverturanın səsləndirilməsi ilə başlayıb.

    Bundan sonra vokalçı S.Nəsibli Niyazinin “Arzu” əsərini,  Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx görkəmli rus bəstəkarı S. Raxmaninovun “Vocalise” əsərini səsləndirib.

    Daha sonra dinləyicilərə Azərbaycanın Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında fransız bəstəkarı F. Pulenkin iki fortepiano və simfonik orkestr üçün Konserti (II və III hissələr), Əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərovun ifasında G. Hendelin “Rinaldo” operasından ariya, S.Nəsirli və İ. Nəzərovun ifasında Azərbaycanın Xalq artisti F.Bədəlbəylinin “Ave Maria” əsəri təqdim olunub.

    Konsert proqramının davamında Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə görkəmli rus bəstəkarı Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün süita əsərini səsləndirib (işləməsi A. Varenberq, III-IV hissələr). İfa dinləyicilərin gurultulu alqışları ilə qarşılanıb.

    Musiqi Akademiyasının 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professor, müəllim və tələbə heyəti ilə Görüş-konsert Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərinin ifası ilə başa çatıb. Qeyd edək ki, görüş-konsert dinləyici auditoriyasının diqqət və rəğbəti ilə qarşılanıb.