• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 oktyabr 2021-ci il

    8 oktyabr, 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitenin professor, müəllim və tələbə heyəti ilə Görüş-konsert keçirilmişdir.

    Qeyd etmək lazımdır ki, Musiqi Akademiyasının 100 illik yubileyi çərçivəsində Azərbaycan, o cümlədən, xarici ölkə universitetləri ilə tez-tez görüş-konsertlər keçirilir.

    Konsertin dirijorları Azərbaycanın xalq artisti Yalçın Adıgözəlzadə və Əməkdar artist Fuad İbrahimov olmuşdur.

    Öncə Azərbaycanın Xalq artisti, professor Zəhra Quliyeva konsertə giriş sözü ilə çıxış edərək Azərbaycan Dövlət İqtisad Universitetinin professor, müəllim və tələbə heyətini salamlayaraq onlara bu il 100 illik şanlı yubileyini qeyd edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, onun yaranma tarixi, inkişaf yolu haqqında məlumat verib. Daha sonra səhnəyə İqtisad Universitetinin əməkdaşı Ramil Cabbarov dəvət olunub və o, təhsil müəssisəsinin rektoru Ədalət Muradovun Bakı Musiqi Akademiyasının yubileyi münasibətilə ünvanladığı təbrik mətnini səsləndirib. Bundan sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında konsert proqramı açıq elan edilib.

    Konsert Ü. Hacıbəylinin “Koroğlu” operasından Üverturanın səsləndirilməsi ilə başlanıb. Görüş-konsertdə həmçinin Azərbaycanın Əməkdar artisti Samir Cəfərovun ifasında dahi Ü. Hacıbəylinin “Sevgili canan” qəzəl-romansı, C. Puççininin “Toska” operasından Kavaradossinin ariyası, Azərbaycanın Xalq artistləri Yeganə Axundova və Murad Hüseynovun ifasında fransız bəstəkarı F. Pulenkin iki fortepiano və simfonik orkestr üçün Konsertinin III hissəsi, o cümlədən, Əməkdar artist, Bakı Musiqi Akademiyasının baş müəllimi İlham Nəzərovun təqdimində G. Hendelin “Rinaldo” operasından Armilenanın ariyası səsləndirilib.

    Konsertin davamında dinləyicilərə Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin ifasında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun iki fortepiano və orkestr üçün süita əsəri təqdim olunub (işləməsi A. Varenberq, III-IV hissələr). İfa dinləyicilərin gurultulu alqışları ilə qarşılanıb.

    Görüş-konsertin davamında Xalq artisti F. Bədəlbəyli 44 günlük Vətən müharibəsi və şanlı Zəfər haqqında danışıb və dinləyiciləri əslən Şuşalı olan, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu altında Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsərini dinləməyə dəvət edib. İfa dinləyicilərin böyük maraq və rəğbəti ilə qarşılanıb və bununla da Musiqi Akademiyasının 100 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Dövlət İqtisad universitetinin professor, müəllim və tələbə heyəti üçün Görüş-konsert başa çatıb.