29 sentyabr 2021-ci il
29 sentyabr 2021-ci il tarixində Beynəlxalq Musiqi Günü ərəfəsində Bakıda Rus Evində (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) görkəmli bəstəkar Dmitri Şostakoviçin yaradıcılığına həsr olunmuş musiqi gecəsi keçirilmişdir.
Tədbirin aparıcısı və təşkilatçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Alyona İnyakina qonaqlara D. Şostakoviçin yaradıcılığının əhəmiyyətindən, Azərbaycan musiqi mədəniyyəti ilə əlaqələrindən bəhs etmişdir.
Tədbir zamanı qonaqlar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyətinin - Azərbaycanın xalq artisti, professor Gülnaz İsmayılova, professor Fəridə Əhmədbəyova, baş müəllim Lalə Muxtarova, müəllim Nərgiz Kəngərli, Nüşabə Hacıyeva, İlqarə Talıbova Əliyeva, Zərrin Əliyeva, Aysel İbrahimova, Nigar Həsənli, Əsmər Kərimlinin təqdimatında klassik əsərlərin ifasından zövq almışlar. Görkəmli bəstəkara həsr olunmuş yaradıcılıq gecəsində həmçinin M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Dövlət Akademik Fortepiano Triosunun solistləri, Azərbaycanın əməkdar artistləri - Töhfə Babayeva, Səbinə İbrahimova, Elnarə Kəbirlinskaya, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Üzeyir Mahmudbəyli çıxış edib.
Konsertdə D. Şostakoviç, Q. Qarayev, C. Hacıyev, habelə, E. Nəzirovanın əsərləri səsləndirilmişdir.
Tədbirdə Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Pipegrios, o cümlədən, səfirliklərin əməkdaşları, mədəniyyət və incəsənət xadimləri iştirak edib.