21 yanvar 2021-ci il
Rusiyanın Sankt-Peterburq şəhərində dünya şöhrətli Mariinski Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti dörd gün ərzində uğurla nümayiş olunub.
Tamaşalar Mariinski Teatrının Primorski filialının Sankt-Peterburqa qastrol səfəri proqramı çərçivəsində təqdim edilib. Proqramında P.Çaykovskinin “Yatmış gözəl”, A.Adanın “Korsar” baletləri ilə bərabər Fikrət Əmirovun “1001 gecə” əsəri də əsas yer tutub.
Qeyd edək ki, tamaşaların baş dirijoru və musiqi rəhbəri Respublikanın Əməkdar artisti, Beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Əyyub Quliyev olmuşdur.
Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorski bölgəsinin qubernatoru Oleq Kojemyako da olmuşdur.