9 oktyabr 2019-cu il
İtaliya və Azərbaycan musiqi mədəniyyəti həftəsi
2019-cu il 9 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında “İtaliya və Azərbaycan Musiqi Mədəniyyəti Həftəsi” layihəsi çərçivəsində konsert keçirilib. Konsertdə İtaliyanın Padua Musiqi Konservatoriyasının müəllim - professorları Leopoldo Armellini, Elisa Tessaro Armellini, Pierluigi Destro, Stefania Soave, Giuliano Medeossi; İtaliyanın Azərbaycandakı Səfirliyinin Ticari və mədəni işlər üzrə attaşesi xanım Lorena Maschietto; həmçinin, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova iştirak edib.
Xalq artisti, BMA-nın professoru Yeganə Axundova İtaliyadan gələn qonaqları salamlayaraq, akademiya ilə olan sıx əməkdaşlıqlarından söz açdı. O, bu əməkdaşlığın uzun müddətli olmasını arzu etdi və sonda bütün qonaqlara öz təşəkkürünü bildirdi.
Sonra konsert proqramına yer verildi. Proqramda Bakı Musiqi Akademiyasının nəfəs alətləri ansamblı (dirijor P.Destro) bəstəkar Ottorino Respiginin “Suite della Tabacchiera” (2 fleyta, 2 qoboy, 2 faqot, piano üçün) əsərini, BMA-nın nəfəs alətləri ansamblı (dirijor A.Məmmədov) Soltan Hacıbəyovun Sekstet üçün 3 pyesini, BMA-nın tələbə simfonik orkestri (dirijor G.Medeossi) Nino Rotanın faqot və orkestr üçün konsertini uğurla ifa etdilər. BMA-nın İfaçılıq fakültəsinin 4-cü kurs tələbəsi Məmmədov Kamran isə solist olaraq çıxış edirdi. Konsert proqramı BMA-nın tələbə simfonik orkestrinin ifasında (dirijor C.Tağızadə) görkəmli bəstəkar Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri ilə yekunlaşdırıldı.
Tədbir qonaqların gur alqışları ilə sona çatdı.