4 iyun 2019-cu il
Fransada Ədilə Hüseynzadənin əsərləri Azərbaycan qadınlarının səsvermə hüququnun 100 illiyi ilə əlaqədar keçirilən konsert-tədbirdə səslənib.
4 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Fransanın paytaxtı Paris şəhərindəki səfirliyinin Mədəniyyət mərkəzində bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, görkəmli bəstəkar və pedaqoq , Əməkdar İncəsənət xadimi Ədilə Hüseynzadənin kamera-instrumental və vokal əsərlərindən ibarət konserti keçirilmişdir. Konsert Azərbaycan qadınlarına seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuşdu.
Konsert Fransada Azərbaycanın Dostları Assosiyasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadaklı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə baş tutmuşdu.
Mirvari Fətəliyeva, Azərbaycan Dostları Assosiyasiyasının baş katibi, Paris Azərbaycan evinin prezidenti tədbiri açaraq sözü Fransada Azərbaycanın Dostları Assosiyasiyasının prezidenti Jan Fransua Manselə verdi. Jan Fransua Mansel isə azərbaycan xanımlarına səs hüququnun verilməsi tarixindən danışdı. Jan Fransua Mansel tarixən Azərbaycan qadınlarına verilmiş bu hüququn öz dövrü üçün çox cəsarətli bir addım olmasını xüsusilə vurğuladı. Bu şərəfli qərarın Avropanın digər dövlətlərinə və o cümlədən Fransaya da örnək olmasını çıxışçı xüsusən qeyd etdi və həyata keçirildiyi, qəbul olunduğu dövrə və zamanına görə bu şərəfli qərarın bir sıra ölkələrdə həyata keçirilməsini qabaqladığını də hörmət və rəğbətlə diqqətə çatdırdı.
Jan Fransua Marsel onu da qeyd etdi ki, Azərbaycan bu gün də 100 il öncə olduğu kimi multikulturalizmə, dünyəviliyə son dərəcə yüksək dəyər verən ölkə kimi mənəvi dəyərləri yaşadır və bu ənənəni uğurla davam etdirir.
Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Vaqif Ağayev Azərbaycan qadınlarına səsvermə hüququ verən şərqdə ilk demokratik parlament Respublikası olan Azərbaycan Xalq Cumhuriyyəti haqqında da tədbir iştirakçılarına ətraflı məlumat verdi. O, öz çıxışında AXC-nin bütün vətəndaşlara eyni hüquqlar verdiyini xüsusilə qeyd etdi. Bu çıxışlar fransız dilində səsləndi.
Ardınca Əməkdar İncəsənət xadimi, musiqişünas-alim, professor Zümrüd Dadaşzadə doğma azərbaycan dilində Ədilə xanım haqqında müfəssəl və dəyərli məlumatlarla toplantı iştirakçılarının zövqünü oxşayan tərzdə emosional və xoş təsir bağışlayan tərzdə konsert öncəsini rövnəqləndirdi. O, Ədilə xanımla bağlı xatirələri iştirakçılarla bölüşdü. Zümrüd xanım Ədilə Hüseynzadənin alıcənab, saf qəlbə malik olmasını, şərəfli və dəyərli sənətkar olmasını, bəstəkarlıq ixtisası üzrə ilk diplom almış azərbaycanlı qadın olmasını diqqətə çatdırdı. Çıxışçı Ədilə xanımın ailəsinin sənətsevər və ziyalı təbəqədən olmasını da xüsusiylə vurğuladı. Qeyd edək ki, Zümrüd xanım həm də sevimli müəlliməsi Ədilə xanım haqqında kitabın da müəllifidir.
Bütün çıxışları Azərbaycan dostları assosiyasiyasının layihələr rəhbəri, Paris Azərbaycan Evinin vitse prezidenti Mehri Quliyeva son dərəcə həssas şəkildə, yüksək professionallıqla, ruhu oxşayan emosiyalarla, hətta Ədilə xanımın romanslarına aid poetik misraları belə orijinala yaxın tərzdə tərcümə etdi.
Konsertin bədii hissəsində Ədilə xanım Hüseynzadənin əsərlərindən tərtib olunmuş maraqlı proqram təqdim olunmuşdu. Bəstəkarın romansları, f-no fuqası, violonçel və fortepiano üçün sonatinası xüsusi şövqlə səsləndi. İfaçılar- Azərbaycan Respublikasının xalq artisti Fidan Hacıyeva (metso- soprano), Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (piano), Əməkdar artist- Aleksey Miltıx (violonçel) idi. Bütün əsərlər son dərəcə yüksək maraqla dinlənildi, ifaçılar isə alqışlar və gül-çiçəklərlə qarşılandı.
Tədbirdə Ədilə Hüseynzadənin tələbələri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Elnarə Dadaşova və Milli konservatoriyanın prorektoru, musiqişünas Lalə Hüseynova da iştirak edirdilər. Bir zaman Bülbül adına musiqi məktəbində Ədilə xanımın rəhbərliyi altında kompozisiyanın sirrlərinə yiyələnən, hazırda Əməkdar incəsənət xadimi adını şərəflə daşıyan, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bəstəkar Elnarə Dadaşova gecənin keçirilməsini təşkil edən mədəniyyət evinin əməkdaşlarına minnətdarlıq sözlərini çatdırdı və ilk olaraq bəstəkar diplomuna layiq görülmüş azərbaycanlı qadın Ədilə xanımın yaradıcılığına yüksək dəyər verərək hərarətlə qəbul olunan səmimi ürək sözlərini söylədi. O, Fransalı tamaşaçıların diqqətinə çatdırdı ki, Ədilə Hüseynzadə dünyaca məşhur olan Müslüm Maqomayevin də vaxtilə kompozisiya üzrə müəllimi olub. Məktəb illərində ona kompozisiyanın sirrlərini aşılayan müəlliməsi barədə maraqlı məlumatlar və duyğulu səmimi hissləri ilə bölüşəndən sonra Elnarə xanım Dadaşova tədbiri hazırlayanlara dərin təşəkkürünü bildirdi və xüsusən də Ədilə xanımın ailə üzvlərinə. Ədilə xanımın nəvəsi Səbinə xanımın nənəsinin yaradıcı irsinə ayırdığı diqqət- əsərlərinin nəşri, disklərinin yazılması və s.bu kimi təbliğat işləri xüsusilə çıxışçı tərəfindən qeyd olundu. Elnarə xanım haqlı olaraq diqqəti ona çəkdi ki, belə münasibət digər bəstəkarlarımızın da ailə üzvlərinə örnək ola biləcək nümunədir.
Konsertin sonunda Ədilə xanımın nəvəsi Səbinə xanım Əlyeva tədbirin təşkilatçılarına və ifaçılarına səmimi duyğuları ilə təşəkkürünü bildirdi.
Mədəniyyət evinin dəhlizində Ədilə xanımın əsərlərindən və disklərindən ibarət sərgi də qonaqların marağına səbəb olmuşdu.
Konsertə dəvət almış insanlar sırasında Fransanın Kolmar şəhərinin meri Jilber Meyer, Azərbaycanın Litvadakı səfiri Cavanşir Axundov, Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Perən, Paris Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyeva, Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları, fransalı diplomatlar, iş adamları, mədəniyyət, incəsənət xadimləri var idi. Fransada yaşayan həmvətənlərimiz gecənin keçirilməsində iştirak edirdilər.Tədbirin sonunda fransalı və azərbaycandan gəlmiş qonaqlar təəssüratları ilə bölüşməkdən zövq almaqlarını etiraf edərək belə gecələrin keçirilməsinin son dərəcə vacib olduğunu söyləmiş, Azərbaycanın mədəniyyəti və tarixi barədə yüksək fikirdə olmalarını dönə-dönə söyləmişlər. Ədilə xanım Hüseynzadə musiqisinin zövq verdiyini qeyd edərək, azərbaycan incəsənətindən doymadıqlarını etiraf edərək tədbir iştirakçıları bir daha görüşmək ümidi ilə, ayrılmışlar.