27 may 2019-cu il
Respublika gününə həsr olunmuş konsert
27 may 2019-cu il tarixində Azərbaycan Muzey Mərkəzində Xəzər Universitetinin kamera orkestrinin Respublika gününə həsr olunmuş konserti keçirilimişdir. Orkestrin bədii rəhbəri professor Zülfiyyə Sadıxovadır. Solistlər – Xəzər Universitetinin müəllimi Məhsəti Cabbarova və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyev idi. Konsertin aparıcısı – musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova olmuşdur. Proqramda müxtəlif Azərbaycan bəstəkarlarının əsərləri səsləndi. Həm solo, həm duet ifalar oldu. Orkestrin ifasında Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikovun baletlərindən və Fikrət Əmirovun “Sevil” operasından parçalar səsləndi. Tanınmış əsərlərlə yanaşı yeni mahnılar da təqdim olundu. Belə ki, Qara Qarayev sinfinin nümayəndəsi olan Elnarə Dadaşovanın Azərbaycan Dövlət himnimizin müəllifi Əhməd Cavadın sözlərinə yazdığı “Sana düşüb meylim” romansın maraqlı tərzdə yazılmış milli çalarlarla zəngin musiqisi konsertə xüsusi rəng gətirdi. Daha bir maraqlı əsər Arif Məlikov sinfinin məzunu Sevda Rəhimovanın fars dilində Təbrizdən gələn Fariba Fərhəngi tərəfindən təqdim olunmuş mətnə məhz bu tədbir üçün bəstələdiyi “Romans-Qəzəl” oldu. Sözləri Hamlet İsaxanlıya, musiqisi isə Nailə İsayevaya aid “Bakı” və “Gözəldir” mahnıları da tədbirə gözəl ahəng verdi. Digər mahnılar – Səid Rüstəmovun “Alagöz” və “İntizar” dinləyiciləri görkəmli bəstəkarın duyğulu aləminə apardı.
Tədbir Üzeyir Hacıbəylinin “Arazbarı” əsəri ilə başlayıb Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” fraqmenti ilə gürultulu alqışlarla sona çatdı.
Konsertin sonunda aparıcı və ifaçılar Muzeyin rəhbərliyinə təşəkkür etdilər. Bəstəkar Elnarə Dadaşova əlavə olaraq musiqiçilər, solistlər və Xəzər Universitetinin təsisçisi Hamlet İsaxalıya dərin minnətdarlığını bildirdi.
Aytən Oqtayqızı