23 aprel 2019-cu il
23 aprel 2019-cu il tarixində Kamera və Orqan Musiqisi zalında İslama Abdullayevanın solo konserti keçirilib.
(Müəllim: Azərbaycanın və SSRİ Xalq Artisti Fidan Qasımova) Konsertin adı, mövzuya uyğun olaraq “Baroque” adlanıb.
İlk olaraq “Furioso” simli kvartetinin violonçelisti Əsmər Kərimli səhnəyə çıxaraq öz ifasına başlayıb daha sonra konsertin konsertmeysteri Lalə Hüseynli və zalın müxtəlif tərəflərindən violində ifa edərək Səid Məmmədov, Süleyman Babakişizadə, violada isə Üzeyir Mahmudbəyli səhnəyə çıxıblar. Onların ifasında Barokko dövrünün dahi bəstəkarlarının əsərləri ifa edilib (G. F. Hendel, H. Pörsell, A. Stradella, K. Monteverdi, C. B. Perqolezi, K. Qlyuk). Qeyd edək ki, bəzi ariyalar və duetlər Azərbaycan səhnəsində ilk dəfə səsləndirilib.
Konsert yalnız İslama Abdullayevanın parlaq ifası ilə deyil, həm də onun aktoyrluq bacarığı ilə yadda qalıb. O, ifa etdiyi əsərlərin texniki cəhətdən çətin olmasına baxmayaraq asanlıqla roldan rola keçərək obrazın emosional xarakterini tamaşaçılara çatdıra bilib.
Qeyd edək ki, konsert proqramında Azərbaycanın Əməkdar Artisti İlham Nəzərovla 3 duet və 1 solo əsər ifa edən ifaçı tamaşaçıların gurultulu alqışlarına səbəb olub.