• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 aprel 2019-cu il

    Bakı Musiqi Akademiyasında təcrübəçi-tələbə və Məktəb-studiya şagirdlərinin birgə məruzə-konserti keçirildi.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası təcrübənin bütün növlərinin – pedaqoji, lektorluq, konsertmeysterlik, ifaçılıq – keçirilməsi üçün baza olaraq tələbələrin hərtərəfli mütəxəssis kimi formalaşmasında mühüm rol oynayır. Təcrübəçi-tələbələrin mütamadi olaraq açıq dərslər keçirməsi, konsertlərdə şagirdlərlə birgə çıxışları bunun bariz nümunəsidir.
    15 aprel 2019-cu il tarixində Bakı Musiqi Akademiyasının Kiçik zalında “Musiqi nəzəriyyəsi” və “Konsertmeyster ustalığı” kafedralarının Məktəb-studiya ilə birgə hazırladığı Məruzə-konsert keçirildi.
    Konsertdə Məktəb-studiyanın şagirdləri İsa Kələntərov, İlknur Zeynalov, Ziya Hüseynov, Məryəm Ələsgərova, Anjelik Şitterer, Elmir Hüseynov, Humay Nəbiyeva, Samuil Səlimov, Fatimə Zamanova, Rəşad Abdullayevin və onlara müşayiət edən “Konsertmeyster ustalığı” kafedrasının III kurs tələbələri Günel Allahverdiyeva, Nəzrin Abbaszadə, Gülnar İrşadi və Elxan Niftiyevin ifasında maraqlı musiqi çələngi səsləndi.
    Xüsusi ilə qeyd etməliyik ki, hazırki məruzə-konsertdə hər bir əsərin səslənməsindən öncə dinləyicilərə əsərin bədii məzmununu açıqlayan maraqlı məlumatlarla zəngin olan geniş məruzə və verilən məlumatları əyani şəkildə nümayiş etdirən slayd təqdim olundu. Məruzələri BMA-da musiqişünaslıq və bəstəkarlıq ixtisasları üzrə təhsil alan I kurs tələbələri Zəhra Mamedova, Səma Nadirli, Ümidə Fətəliyeva, Raşeno Abdolazimzadeh, Mətanət Quliyeva, Səbinə Quliyeva, Nigar Kərimova, Səmra Qazıyeva, Hicran Məmmədli, Nigar Süleymanova və Gülnişan Nemətova “Musiqi nəzəriyyəsi” kafedrasında keçdikləri “Lektoluq təcrübəsi” çərçivəsində hazırlamışdılar.
    Konsert proqramı öz rəngarəngliyi ilə seçilirdi. Dinləyicilərə klassik ənənəli musiqi ilə yanaşı XX əsrin kino və balet musiqisi də təqdim olundu. İfa zamanı məruzəçi-tələbələr tərəfindən hazırlanan videoçarxlar ifaya xüsusi rəng qatdı.
    Tədbirin sonunda məruzəçi-tələbələrin rəhbəri, “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Elmira Pənahova çıxış edərək kafedranın adından Məktəb-studiyanın rəhbərliyi, müəllimləri və şagirdlərinə öz minnətdarlığını bildirdi və konsertin təşkili zamanı görülən iş barədə ətraflı məlumat verdi. Sonda BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova və Məktəb-studiyanın direktoru professor Tərlan Seyidov lektorluq təcrübəsi çərçivəsində hazırlanan ilk birgə proyektin həyata keçirilməsində iştirak edən tələbə və şagirdləri uğurlu çıxışları münasibəti ilə təbrik etdi və bu kimi birgə layihələrin gələcəkdə də təşkil olunacağına ümidvar olduqlarını söylədilər.
    Konsert tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.

    Məktəb-studiyanın mətbuat xidməti