15 mart 2019-cu il
Multikulturalizm tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmişdir.
Azərbaycan xalqının zəngin multikultural keçmişi təkcə xalqımızın bu günkü yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi- bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.
2019-cu il Mart ayının 15-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Multikultural layihəsi çərçivəsində olan “Bölünənlər” adlı tamaşasının premyerası Opera Studiyasında baş tutdu. Bədii rəhbəri Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva, prodüseri professor Mina Hacıyeva, quruluşçu rejissoru Elvin Mirzəyev, xoreoqraf Solmaz Arti olan tamaşanın məzmunu olduqca maraqlıdır. Belə ki, yeddi müxtəlif ölkə və dövrlərin sevgi əhvalatını tərənnüm edən tamaşa “ən mükəmməl sevgi, ağlasığmaz sonluq” şüarı altında tamaşaçılara təqdim olundu. Bəşər övladına bəxş edilən ali hiss sayılan sevgi, ehtiraz, emosionallıq bu tamaşada parlaq şəkildə öz əksini tapmışdır.
Tamaşaya “Bölünənlər” adının verilməsi də təsadüfi deyildir. Ən mükəmməl sevgi hissələrini aşılayan tamaşada sevginin təkcə bioloji varlıqlar arasında deyil, dünyanın müxtəlif ölkələrində, bir-birinə yad insanların arasında da mümkün olduğunu isbat edir.
Sözü gedən tamaşanın proqramında dünyanın dahi yazıçı və dramaturqlarının əsərləri yer almışdır: Nizami Gəncəvi “Leyli və Məcnun”, Hilermo Figeyredo “Ezop”, Herman Hesse “Sidhartha”, qədim Çin əfsanəsi “Ağ ilanın əhvalatı”, Uilyam Şekspir “Romeo və Culyetta”, Nəcib Məhfuz “Rodopis”, U.Şekspir “Otello” . Bütün bu adı çəkilən əsərlərdə sevgi müxtəlif səpkidə - maneə, haqq, ehtiras, mümkünsüzlük, qarşılıqsız, qınaq, zövq formasında təsvir olunmuşdur.
Tamaşada həmçinin maraqlı rəqs nömrələri – hind və çin rəqsi yer almışdır. Aktyor qismində isə Bakı Musiqi Akademiyasının istedadlı tələbələri uğurla çıxış etdilər: Leyli-Nəzrin Quliyeva, Məcnun-Toğrul Salmanov; Kleya-Ofelya İsgəndərova, Ezop-Coşqun Qadaşov; Kamala-Syuzan Pirəliyeva, Sidhartha-Ramazan Babayev; Susu-Aytac Nəcəfova, Süsiyen-Murad Hacırzalı; Cülyetta-Elnarə Saramanova, Romeo-Əsəd Əsgərov; Rodopis-Aytac Qasımova, Tahu-Fərid Əli; Dezdemona-Ləman Rəhmətova, Otello-Elvin Vahidov.
Tamaşada izləyici qismində müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri də iştirak edirdilər. Bu səpkidə ilk dəfə səhnələşdirilən “Bölünənlər” tamaşasının premyerası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanaraq, hətta yenidən səhnələşdirilməsi arzu olundu.